İLDƏ MİLYONDAN ÇOX CAN ALAN YOL QƏZALARI – ARAŞDIRMA

Yola saldığımız Ramazan bayramı günlərində də xeyli sayda avtomabil qəzaları və bu qəzalar nəticəsində ölüm hadisələri baş verdi.
Ümumiyyətlə son vaxtlar elə gün olmur ki, avtomabil qəzaları barədə məlumatlar yayılmasın. Və təəssüfləndirici haldır ki, həmin hadisələrin əksəriyyətində ölüm faktları olur. Hətta bir ailənin bir neçə üzvünün qəzalarda həlak olması haqda xəbərləri eşidirik.

Hesablamalara görə, bütün dünyada ildə orta hesabla 1.2 milyondan çox insan yol qəzalarında ölür. 20-25 milyon adam şikəst olur və ya yaralanır. Dünya Sağlamlıq Təşkilatının araşdırmasına görə, 2030-cu ilə qədər bu cür ölümlər ölüm səbəbləri sırasında beşinci yerə yükəsələcək. Beynəlxalq təşkilatın açıqlamasına görə, 13-14 yaş arasındakı ölümlərin sırasında yol qəzaları birinci yeri tutur.

Ölkəmizə gəldikdə, Baş Dövlət Yol Polisinin məlumatına görə, 2012-ci ilin altı ayı ərzində 1278 avtomabil qəzası baş verib. Bunun nəticəsində 436 nəfər həlak olub, 1361 nəfər yaralanıb. Qeyd edək ki, yol qəzalarının hamısı qeydiyyata alınmır – xüsusilə, ölüm faktları baş verməyən, lakin maddi ziyanla nəticələnən qəzalar.

Bir qədər əvvəl yol qəzalarının başlıca səbəbi kimi «Vaz» markalı maşınlar göstərilirdi, indi avtomabil yollarında bu markadan olan maşıınlar xeyli azalsa da, bu, yol-qəza hadisələrinin sayına təsir etməyib.
Problemi araşdırmaq məqsədilə «Təhlükəsiz Yol» Alyansının həmtəsisçisi Şahin Camalovla söhbət etdik. Onun sözlərinə görə, məsələ çox aktual olsa da, Dövlət Yol Polisinin yanaşması təəssüf doğurur: «Hər zaman qəzaların başlıca səbəbi sürət həddi ilə əlaqələndirilir. Amma araşdırmalarımız zamanı məlum olub ki, əsas səbəb heç də bu deyil. Sürət həddini aşma nadir hallarda qəzalara səbəb olur. Əsasən yol-hərəkət qaydalarının pozulması, manevrlərin düzgün edilməməsi qəzalara səbəb olur. Son zamanlar qəza hadisələrinin əksəriyyətində yük maşınları, avtobuslar, taksilər iştirak edirlər. Buna həmin maşınların sürücülərinin yuxusuz qalması, gün ərzində dəfələrlə eyni istiqamətdə maşın sürməsi səbəb olur».

Həmsöhbətimizin sözlərinə görə, yolların tez-tez təmir olunması, bunun yaratdığı tıxaclar da qəzaların baş verməsinə gətirib çıxarır: «Bu da müəyyən qaydada tənzimlənməlidir. Doğrudur, təmirlərin nə vaxt aparılması ilə bağlı qanunivericilik mövcud deyil, məsələn, təmirin gecələr aparılması da ətrafda yaşayanların istirahət hüququnu poza bilər. Amma necə olur ki, biz evdə oturub Ankarada, İstanbulda hansısa yolların bağlanacağı haqda məlumat ala bilirik. Azərbaycanda isə çox nadir hallarda, özü də mərkəzi küçələr təmir olunarkən elanlar verilir».

Ş. Camalov hesab edir ki, qəzaların qarşısının alınması üçün bir sıra işlər həyata keçirilməli, xüsusilə Yol Patrul Xidmətinin işi tənzimlənməlidir: «Xüsusilə Bakı şəhərində yol polisinin sayı azaldılmalıdır. Son vaxtlar xüsusilə Mərkəzi Magistral Yollarda qəza hadisələrinin sayı çox olur. Hər dəfə də həmin qəzalarda beş, hətta on nəfərədək insan ölür. Şəhərin mərkəzi küçələrində ehtiyac olmadığı halda dayanan polis əməkdaşları qəzaların daha çox baş verdiyi həmin yerlərə köçürülməlidir».
Alyans təsisçisinin sözlərinə görə, tıxac probleminin aradan qaldırılması üçün maşınların park edilməsinə diqqət çoxaldılmalıdır: «Maşınları necə gəldi saxlayırlar. Bəzən evakuatorlar heç kimə mane olmayan bir yerdə dayanan maşını götürüb aparır, amma avtobus dayanacaqlarında, maşınların hərəkətinə mane olan yerlərdə saxlanan avtomabilləri yol polisi görmür. Məsələn, Əcəmi metrostansiyasından «Yeganə» şadlıq sarayı istiqamətində yol boyunca hər iki tərəfdə düzülən maşınlar hər gün böyük tıxacların yaranmasına səbəb olur. Amma bu ərazidə bir nəfər də olsun Yol Patrul Xidmətinin əməkdaşını görmək mümkün deyil».

Ş.Camalov qeyd etdi ki, digər mühüm problem protokolların yazılması ilə bağlıdır. Yüzlərlə sürücü qanunsuz protokolun yazılmasından, ümumiyyətlə yol polisinin davranışlarından Alyansın qaynar xəttinə şikayət edib: «Onlardan bəzilərinə protokolların ləğv olunmasında yardımçı olmuşuq. Kameralara düşən görüntülərlə protokolların yanlış olduğunu üzə çıxarmışıq. Yol Patrul Xidmətinin əməkdaşlarına yazdıqları cərimələrin 25 faizi geri verildiyinə görə, bu onların yersiz cərimələr yazmasına gətirib çıxarır».

Həmsöhbətimiz onu da qeyd etdi ki, Alyans bu kimi ciddi problemlemin səbəblərini araşdırmağa davam edir, bu istiqamətlərdə monitorinqlər aparılır.
Bakı Şəhər Baş Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Kamran Əliyev isə hesab edir ki, avtomabil qəzalarının çoxu sürücülərin sərxoş vəziyyətdə nəqliyyatı idarə etməsinin nəticəsidir. O, mətbuata açıqlamasında qeyd edib ki, həmçinin sürət həddini aşma da başlıca səbəblərdəndir.
Kamran Əliyevin açıqlamasına görə, qəzaların çoxu Bakı-Qazax və Bakı-Şamaxı yolunda qeydə alınır.
Yol Polisinin səlahiyyətlisi problemlə bağlı müəyyən tədbirlərin – maarifləndirmə və təbliğat işlərinin aparıldığını qeyd edib

Simsar.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO