“Şəkidə son illər turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilib. Bu mənada Şəkiyə gələn turistlərin sayı isə keçən ilin müvafiq dövrünə nisbətən beş dəfə artıb”. Trend-in məlumatına görə, bunu Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı söyləyib.
Usubov bildirib ki, bu gün Şəki tarixi simasını saxlamaq şərti ilə yenidən qurulur, qədim və gözəl şəhərimizin küçələri, tarixi binaları, evləri bərpa edilir. Şəkiyə gələn hər bir qonaq sanki şəhərin qədim keçmişi ilə üzləşir.
“Eyni zamanda, şəhərin turizm infrastrukturu ilə yanaşı, digər sosial infrastruktur sahələri də inkişaf edir və təkmilləşir. Mirzə Fətəli Axundzadənin adını daşıyan mədəniyyət və istirahət parkında yenidənqurma və əsaslı təmir işləri başa çatıb, ədibin ev-muzeyi əsaslı bərpa edilib, Prezident İlham Əliyevin tapşırığı əsasında 600 yerlik “Yay teatrı” inşa edilərək şəkililərin ixtiyarına verilib”, deyə icra başçısı bildirib.
Onun sözlərinə görə, təkcə son iki ildə Olimpiya İdman Kompleksi yenidən qurulub, 100 çarpayılıq mərkəzi rayon xəstəxanası, 11 məktəb binası və digər sosial obyektlər tikilərək sakinlərin istifadəsinə verilib.
Şəkinin baş planına əsasən şəhərin qərbə doğru genişləndirilməsi nəzərdə tutulub
İcra başçısı bildirib ki, Şəkinin 2012-ci ildə qəbul edilmiş Baş planına əsasən şəhərin qərbə doğru genişləndirilməsi nəzərdə tutulub. Bu, rayonun 20 min əhalisinin yaşadığı dağ kəndlərinin inkişafında yeni bir mərhələnin başlanması olacaq.
“Qeyd edək ki, rayonda aparılan abadlıq-quruculuq işləri çərçəvəsində Heydər Əliyevin adını daşıyan Mərkəzin, Bayraq Meydanının, Şəki Şəhər İcra Hakimiyyəti üçün yeni inzibati binanın tikintisinə başlanılıb. Eyni zamanda, Doğum Evi Kompleksi əsaslı təmirdən sonra açılışa tam hazırdır. Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının əsaslı təmiri istiqamətində işlər sürətlə gedir. Şəki-Qax avtomobil yolunun və 10 min nəfər əhalinin yaşadığı beş kəndi əhatə edən Şin-Baş Layısqı avtomobil yolunun tikintisi artıq başa çatmaq üzrədir. 8 min nəfərdən çox əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun tikintisi də davam etdirilir”, deyə Elxan Usubov bildirib.