İran mətbuatı: Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi İranın ciddi siyasəti sayılır

İran mətbuatı: Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi İranın ciddi siyasəti sayılır İran mətbuatında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyətinin 22-26 may tarixlərində İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkmanın dəvəti ilə bu ölkəyə rəsmi səfəri barədə yazılar dərc edilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, www.anaj.ir saytının yaydığı xəbərdə iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrindən bəhs edilərək bildirilir ki, sərgilərin, rəsmi şəxslər arasında baş tutan ikitərəfli və çoxtərəfli görüşlərin və mədəni tədbirlərin keçirilməsi əməkdaşlığın sürətlənməsinə yardım edə bilər. Xəbərdə, həmçinin qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 11 mart tarixli sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planına uyğun olaraq Təbriz şəhərində “Radikalizmlə mübarizədə İslam həmrəyliyi” devizi altında keçirilən “Azərbaycan-İslam mədəniyyətinin incisi” adlı fotosərgi İran və Azərbaycan xalqlarının biri-birinə dost və qardaş münasibətdə olduqlarının bariz nümunəsidir.

İranın www.shahryarnews.ir rəsmi xəbər portalında da “Azərbaycan-İslam mədəniyyətinin incisi” adlı fotosərgi haqqında geniş yazı dərc edilib. Yazıda vurğulanır ki, Azərbaycan məscidləri fərqlilik və dizayn baxımından iki ölkənin müştərək dini və mədəni bağlılıqlarının dəyərli simvollarından sayılırlar. Həmçinin, xəbər portalında Azərbaycan nümayəndə heyətinin səfər zamanı Şəhər muzeyi və Şəhriyar muzeyi ilə də yaxından tanış olması ilə bağlı informasiya da verilib.

www.ostan-as.gov.ir internet portalında isə Dövlət Komitəsinin sədri M.Qurbanlının İİR-in Şərqi Azərbaycan ostanının ostandarı Esmail Cabbarzadə ilə görüşü barədə geniş məqalə dərc edilib. Məqalədə bildirilir ki, dost və qardaş Azərbaycan Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi İran İslam Respublikası hökumətinin ciddi siyasəti sayılır və bu istiqamətdə addımlar atılır. Məqalədə, həmçinin qeyd olunur ki, Təbriz ilə Azərbaycan Respublikası arasında dərin mədəni, dini və tarixi bağlar mövcuddur və İran əlaqələri bütün sahələrdə, özəlliklə mədəni sahələrdə genişləndirməyə hazırdır.

İranın www.nasrnews.ir xəbər portalında isə Komitə sədri M.Qurbanlının İranın Ali Rəhbərinin nümayəndəsi Ayətullah Müctəid Möhsün Şəbüstəri ilə görüşü barədə məqalə dərc edilib. Məqalədə Qarabağın İslam vücudunun ayrılmaz hissəsi olduğu və Azərbaycan xalqının haqlarının qanun çərçivəsində və sülhməramlı yollarla bərpa edilməli olduğu xüsusilə diqqətə çatdırılır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin İran İslam Respublikasının Qarabağ münaqişəsində ölkəmizi dəstəkləməyə yönəlik səylərini yüksək qiymətləndirdiyi bildirilib.

Qeyd edək ki, M.Qurbanlının başçılıq etdiyi nümayəndə heyəti İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Ə.İ.Türkmanın dəvəti ilə bu ölkəyə səfər edib. Nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 11 mart tarixli sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planına uyğun olaraq Təbriz şəhərində “Radikalizmlə mübarizədə İslam həmrəyliyi” devizi altında keçirilən “Azərbaycan-İslam mədəniyyətinin incisi” adlı fotosərginin açılış mərasiminə qatılıb. Eyni zamanda, M.Qurbanlı İran İslam Respublikasının Ali Dini Rəhbəri Ayətullah Seyyid Əli Xameneyinin Təbrizdəki nümayəndəsi Ayətullah Müctehid Möhsün Şəbüstəri, Şərqi Azərbaycan ostanının ostandarı Esmail Cabbarzadə, digər dövlət rəsmiləri və din xadimləri ilə görüşüb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO