Çingiz Əsgərov İctimai Palatanın keçirmək istədiyi aksiya ilə bağlı fikirlərini açıqlayıb

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov İctimai Palatanın aprelin 17-də keçirmək istədiyi aksiya cəhdi ilə bağlı fikirlərini açıqlayıb.

– Müxalifət aprelin 17-də keçirməyə cəhd göstərdiyi aksiyanı yenə də baş tutmuş elan etdi. Buna münasibətiniz necədir?

– Hesab edirəm ki, radikal müxalifəti təmsil edən bir qrup şəxs əvvəllər olduğu kimi, yenə də şəhərdə qanunun pozulmasına yönəlmiş əməllərə əl atıb. Birincisi, məlum olduğu kimi, aprelin 17-də “Sahil” bağında hər hansı toplantının keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə heç bir rəsmi məlumat daxil olmayıb. Bir neçə şəxs Bakı Şəhər İcra Hakimiyyətini “Nərimanov” kinoteatrı qarşısında toplantı keçirəcəyi barədə xəbərdar edib, lakin bu ərazidə toplantı keçirilməsi üçün şəraitin olmadığını nəzərə alaraq, şəhər icra hakimiyyəti toplantının bunun üçün Bakıda ayrılmış yerlərdən birində keçirilməsini təklif edib. Daxili işlər orqanları isə hər hansı razılaşdırılmamış toplantının qarşısının alınacağını bildirib. Bununla da, keçən bazar günü aksiyanı müşahidə etməyə toplanmış jurnalistlərin sayından da az sayda şəxs qanunun müddəalarına və dövlət orqanlarının qanuni tələblərinə məhəl qoymayaraq, açıq-aşkar qarşıdurma yaratmaq məqsədilə kiçik qruplar şəklində “Sahil” bağına keçməyə cəhd göstərib, ictimai qaydanı pozan hərəkətlər törədib, cəmiyyətə açıq hörmətsizlik ifadə edib. Fikrimcə, müxalifət sərbəst toplaşmaq azadlığını xuliqanlıqla səhv salır.

– Lakin müxalifət təmsilçiləri əksini iddia edirlər. Məsələn, hüquqşünas Erkin Qədirli də sərbəst toplaşmaq azadlığı ilə bağlı “Azadlıq” radiosunun efirində fərqli fikirlər səsləndirib. Bu haqda nə deyə bilərsiniz?

– Həmin verilişdə bir neçə məqamlara, o cümlədən “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun mahiyyəti, Konstitusiya Məhkəməsinin bu azadlığın həyata keçirilməsi ilə bağlı qərarı və polisin toplantıların dağıdılması üzrə vəzifələrin yerinə yetirilməsi məsələlərinə toxunulub. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun son layihəsi Avropa Şurasının Venesiya Komissiyası ilə birgə hazırlanıb və onun tərəfindən yüksək qiymətləndirilib. Qanuna əsasən, toplantının keçirilməsi üçün toplantını təşkil edən şəxslər müvafiq icra hakimiyyəti orqanını qabaqcadan xəbərdar etməlidirlər. Xəbərdarlığın məqsədi icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi üçün toplantının vaxtı və yerinin razılaşdırılmasıdır. Təbii olaraq sual yaranır, qanunun hansı müddəasında Erkin Qədirli “icazə” sözünü tapıb?

Verilişin əvvəlində E. Qədirli Konstitusiya Məhkəməsinin qərarını tərifləsə də, sonda yalnız özünə bəlli olan səbəbdən bu qərarı “zəif qərar” kimi qiymətləndirir və həmin qərarda çıxışının əsl məqsədləri üçün lazım olan müddəalara istinad edir. Hesab edirəm ki, Konstitusiya Məhkəməsinin qərarında həm Avropa Məhkəməsinin presedent hüququndan, həm də hüquq elminin müasir baxışlarından kifayət qədər istifadə edilib. Ən vacibi isə odur ki, Konstitusiya Məhkəməsi o vaxt cəmiyyətdə isteriya şəklində müxalifət və dırnaqarası hüquqşünaslar tərəfindən yayılan sərbəst toplaşmaq azadlığının guya məhdudlaşdırıla bilməməsi barədə fikirlərə öz münasibətini bildirib və qərarın nəticəsində toplaşmaq azadlığının mütləq olmamasını göstərib.

E.Qədirli, həmçinin mediada “Qanuna zidd hərəkətlərin qarşısı bundan sonra da alınacaq” başlığı ilə gedən müsahibədə səslənmiş fikirləri də təhrif etməyə cəhd göstərir. Hüquqşünas hər hansı bir fikri bildirəndə, əvvəlcə həmin yazı ilə tanış olmalıdır. Görünür ki, E. Qədirli həmin müsahibəni ümumiyyətlə oxumayıb. Müsahibədə deyilir ki, “Hər hansı hüququn məhdudlaşdırılması zamanı toqquşan maraqlar arasında tarazlıq əldə edilməlidir. 200-300 nəfərin toplaşmaq azadlığının təmin edilməsi üçün Bakının böyük bir hissəsini nəqliyyatsız qoymaq, bununla minlərlə insanların normal həyat tərzini, fəaliyyətini, bir çox hüquqlarını pozmaq olmaz”. Bu fikir müxalifətin “Təbriz” kinoteatrı qarşısındakı ərazidə toplantı keçirmək niyyəti ilə bağlı ifadə edilib. Yəni həmin yolun bağlanması nəticəsində “8-ci kilometr”, Əhmədli, Günəşli və digər ərazilərin əhalisi Bakının digər yerləri ilə nəqliyyat əlaqələrində çox böyük çətinliklərlə üzləşə bilər. Bütün hallar nəzərə alınmalıdır. Müsahibədə məhz tarazlığın qorunması zərurəti ön plana çəkilir.

Müsahibədə, həmçinin, belə mütənasibliyin polisin ictimai qaydanın qorunması üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı gözlənilməsi məsələsinə dair münasibət bildirilib. Toplantıların dağıdılması, zorakı hərəkətlərin qarşısının alınması üçün polis tərəfindən zəruri gücün və xüsusi vasitələrin tətbiqinin mümkünlüyü heç bir beynəlxalq müqavilədə, beynəlxalq məhkəmənin qərarlarında və hətta E. Qədirli dediyi kimi insan hüquqları sahəsində öhdəliklərdə təkzib olunmur və oluna da bilməz. Dünyanın istənilən yerində polis göstərilən məqsədlər üçün güc də, xüsusi vasitələr də tətbiq edir. Məsələn, bu yaxınlarda Avropa Məhkəməsinin Böyük Palatasının qəbul etdiyi “Culiani və Qacio İtaliyaya qarşı” iş üzrə qərarından görünür ki, Genuya şəhərində “Böyük səkkizliyə” qarşı keçirilmiş nümayişlər zamanı polis zorakılığın qarşısının alınması üçün xüsusi vasitələrdən və hətta odlu silahdan istifadə edib. Hüquq mühafizə orqanlarının hərəkətləri nəticəsində nümayişçilərdən biri odlu silahdan açılmış atəş nəticəsində ölüb, Avropa Məhkəməsi isə bu işdə Konvensiyanın pozulmadığını müəyyən edib.

Sonda bir daha demək istərdim ki, əsassız fikir söyləməyin, kütləvi informasiya vasitələrində əks mövqe bildirən, iqtidarı dəstəkləyən şəxslərin çıxışlarına münasibətdə qərəzliliyi nümayiş etdirməyin, xarici qrantlar hesabına sifarişlə anarxiyanı müdafiə etməyin əvəzinə hüquqşünas adını qorumaq, bunun üçün bilərəkdən hüquq normalarını təhrif etməmək yaxşı olardı.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO