Gürcüstanda 2013-cü il çar Tamara ili elan olunub

Gürcüstan pravoslav kilsəsi 2013-cü ili çar “Tamara ili” elan edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan patriarxı II İlya bazar günü duası zamanı məlumat verib.

Onun sözlərinə görə, 2013-cü ildə çar Tamaranın yubiley ölümünün 800 ili tamam olur: “Yubileylə bağlı digər təkliflər də var, lakin alimlərin çox hissəsi bu rəqəmin düzgün olduğunu qeyd edirlər. Ona görə də biz qərara aldıq ki, 2013-cü ili çar Tamara ili elan edək”.

Qeyd edək ki, Gürcüstan çarı III Georginin qızı Tamara 1184-1207-ci illərdə ölkəni idarə edib. O, 1185-ci ildə Vladimir-Suzdal knyazı Andrey Boqolyubskinin oğlu Yuriyə ərə gedib, iki il sonra boşanıb. 1189-cu ildə Baqrationların osetin qolundan olan David Soslaniyə ərə gedib. Sonuncu nikahdan Georgi Laşa adlı oğlu, Rusudan adlı qızı olub. Tamaranın hakimiyyəti dövründə çarlığın hərbi-siyasi qüdrəti yüksəlib, ərazisi genişlənib. Tamara dövlət işlərini ali dövlət şurasının (“Darbazi”adlanıb) iştirakçıları ilə birlikdə həll edib, iri feodalların mənafeyini müdafiə edib və gürcü dağlılarının üsyanlarını amansızlıqla yatırıb. Tamara 1192-ci ildə Şirvanşah I Axsitan və Atabəy Məhəmməd Cahan Pəhləvanın oğlu Əmiran Ömər ilə dostluq əlaqələri yaradıb. Tamaranın dövründə Azərbaycan və Gürcüstan arasında müttəfiqlik münasibətləri olub. Ağıllı xarici və daxili siyasət yürüdən Tamara elm və incəsənətin inkişafına hamilik edib, yollar çəkdirib, karvansara, qalalar, kilsələr və s. tikdirib. Görkəmli gürcü şairi Şota Rustaveli “Pələng dərisi geymiş pəhləvan” poemasını Tamaraya həsr edib.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO