Bu il Gənclər və İdman Nazirliyi xüsusi olaraq gənclərin ictimai həyatda fəal iştirakına, vətənpərvərlik tərbiyəsinə yönəlmiş, eyni zamanda, beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edən layihələrə üstünlük verəcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında bildirib.
O vurğulayıb ki, nazirliyin əsas fəaliyyət istiqaməti “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında olan bəndlərin icrası olacaq.
“Düşünürəm ki, bu il kifayət qədər maraqlı layihələr olacaq və gənclər bu layihələrdə iştirak edəcəklər”, – Babayev deyib.
Qeyd edək ki, bu gün 2 fevral – Gənclər Günü münasibətilə Gənclər və İdman Nazirliyinin, gənclər təşkilatlarının nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.