Gənclər Fondunun fəaliyyətinin genişləndirilməsi gənclərin yeni uğurlara imza atmasına stimul verəcək

Bu il gənclərin müasir dünya ilə ayaqlaşa biləcək layihələri Gənclər və İdman nazirliyi tərəfindən dəstəklənəcək, bunu şənbə günü jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, Gənclər Fondunun fəaliyyətinin genişləndirilməsi, ayrılan vəsaitin artırılması gənclərin yeni uğurlara imza atmasına stimul verəcək.

“Ötən il təkcə Gənclər Fondunun dəstəyi ilə 117 layihə həyata keçirilib, proqramlara ayrılan vəsaitin məbləği isə 1 milyon 950 min manat olub. Bu il cənab Prezidentin təşəbbüsü ilə Gənclər Fonduna 5 milyon manat ayrılıb. Qəbul olunan layihələrə artıq 2 milyon manat ayrılıb” Rəhimov bildirib.

Rəhimov həmçinin deyib ki, bu il prezident seçkisi ili olduğundan, gənclərimiz daha fəal olacaq, seçkidə aktiv iştirak edəcəklər.

Nazir gənclərin işsizlik problemi ilə bağlı suala cavab verərkən deyib ki, gündən- günə gənclərin işsizlik problemi həll olunur, yeni iş yerləri açılır.

Rəhimovun sözlərinə görə, Gənclər və İdman Nazirliyi bu məsələ ilə bağlı yeni layihələr həyata keçirəcək.

“Azərbaycanın istedadlı gənclərinin, ümumiyyətlə gənclərin peşə fəaliyyətinin genişləndirilməsi, aktiv həyata cəlb olunması üçün dövlət bir sıra mühüm layihələr həyata keçirir. Gənclərin işləməsi üçün müəssisələr çoxdur. Burada gənclərin üzərinə düşən əsas vəzifə fəaliyyət göstərəcəkləri istiqamətləri üzrə savadlarının olmasıdır. Gənclərimiz müasir texnologiyalara diqqət ayırmalı və bu sahədə yeni-yeni biliklərə yiyələnməlidirlər. Düşünürəm ki, Azərbaycanda inkişaf etmək üçün imkanar genişdir, sadəcə insanların özündən çox şey asılıdır” Rəhimov bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO