Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, səfirliyin əməkdaşlıq və mədəniyyət attaşesi Vənsan Lorenzini və dilçilik və təhsil sahəsində əməkdaşlıq missiyasının rəhbəri Şarlot Payen Bakı Ali Neft Məktəbində olub.
Bakı Ali Neft Məktəbindən Trend-ə verilən məlumata görə, qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Prezident İlham Əliyevin təhsilə göstərdiyi yüksək diqqətin göstəricisi olaraq 29 noyabr 2011-ci il tarixli fərmanla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda Bakı Ali Neft Məktəbi yaradılıb.
O bildirib ki, Ali Məktəbin yaradılmasında əsas məqsəd dinamik sürətlə inkişaf edən ölkənin sənaye müəssisələrində habelə artıq transmilli şirkətə çevrilmiş ARDNŞ-nin, istər Azərbaycanda, istərsə də ölkənin hüdudlarından kənarda həyata keçirdiyi beynəlxalq layihələrdə işləyə biləcək ingilis dilli, müasir biliklərə yiyələnmiş, yüksək ixtisaslı mütəxəssislərə olan ehtiyacı ödəməkdir.
Bakı Ali Neft Məkətbində tədris prosesinin təşkili, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətlərində görülən işlər haqqında ətraflı məlumat verən rektor qeyd edib ki, fəaliyyətə başlamasının ilk ili olduğuna baxmayaraq Ali Məktəb Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbulunun göstəricilərinə görə tərtib etdiyi reytinq cədvəlində lider olub.
Ali məktəbdə tədrisin ingilis dilində təşkil edildiyini vurğulayan rektor bu məqsədlə Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq haqqında razılaşma imzalandığını,mütəxəssis hazırlığının bu universitetin tədris proqramları əsasında müasir tədris texnologiyalarının tətbiqi ilə həyata keçirildiyini və məzunlara 2 diplom veriləcəyini qonağın diqqətinə çatdırıb.
O “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə qəbula başlayan BANM-də bu il 3-cü- “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının açılacağını bildirib.
Azərbaycan və Fransa dövlətləri arasında bir çox sahələrlə yanaşı elm və təhsil sahəsində də inkişaf edən münasibətlərdən danışan E. Qasımov H.Əliyev Fondunun təşəbbüsü və ARDNŞ-nin dəstəyi ilə Bakıda yaxın zamanlarda fəaliyyət göstərəcək “Fransız məktəbi”nin bunun bariz nümunəsi olduğunu qeyd edib. Fransa təhsil və tədris sisteminə böyük maraq göstərdiyini bildirən rektor vurğulamışdır ki,bu məqsədlə Fransanın “Total E&P Azərbaycan” şirkəti və Fransanın məşhur elm və təhsil müəsissələri ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi sahəsində razılıq əldə olunmuşdur.
Səfir Paskal Mönyebildirmişdir ki, Azərbaycan və Fransa arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələri günü-gündən inkişaf etməkdədir. Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu layihələrdən söhbət açan səfir Azərbaycanda ingilis dilli, beynəlxalq tədris sisteminin şərtlərinə və tələblərinə cavab verən belə bir ali məktəbin yaradılmasının məqsədəmüvafiq hal olduğunu qeyd etmişdir.
O, Bakı Ali Neft Məktəbi ilə”Total E&P Azərbaycan” şirkəti arasında yaranan əməkdaşlıqdan məmnun olduğunu qeyd edərək, BANM-lə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə, Fransanın tanınmış İFP School (Fransa Neft Məktəbi) və müxtəlif texniki ali məktəbləri ilə əlaqələr qurulması üçün gərəkən dəstəyi verməyə hazır olduğunu bildirmişdir.