Azərbaycanı dünyanın mədəniyyət beşiyi olan Fransada daha yaxından tanıtmaq məqsədi ilə Heydər Əliyev Fondunun təşkilatçılığı və bu ölkədəki səfirliyimizin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Atlantik okeanının sahilində yerləşən qədim tarixə malik La Roşell şəhərində Azərbaycan günləri keçirilir.
AzərTAc xəbər verir ki, ölkəmizin zəngin tarixini və mədəni irsini əks etdirən sərgini açan şəhərin meri Maksim Bono bildirib ki, sərgidə nümayiş etdirilən Azərbaycanın mədəni dəyərləri ilə tanışlıq şəhər sakinlərinin az tanıdıqları bu ölkə barədə müəyyən məlumat əldə etməsində müstəsna əhəmiyyətə malikdir.
Puatu-Şarant regionundan deputat seçilən Jan-Lük Draponun sərginin açılışında iştirak etdiyini xatırladan mer onun Milli Assambleyadakı Fransa-Azərbaycan dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etdiyini, ölkəmizdən xoş təəssürat aldığını, məhz onun sayəsində La Roşelldə sərgi və konsertin təşkil edildiyini diqqətə çatdırıb, Azərbaycan ilə Fransa arasında əməkdaşlıq imkanlarından bəhs etmiş, təhsil və digər sahələrdə əlaqələrin vacibliyini vurğulayıb.
Sərgidəki eksponatların mədəniyyət müxtəlifliyindən xəbər verdiyinə toxunan Maksim Bono bu gün La Roşelldə keçirilən Azərbaycan günlərini Fransa ilə Azərbaycan arasında əməkdaşlığın və dostluğun təcəssümü kimi səciyyələndirib, xalqlar arasında dostluğun artıq real bir hadisəyə çevrildiyini qeyd edib.
Sərgi və konsertin Azərbaycan mədəniyyətini yaxından tanıtmaq məqsədi daşıdığını diqqətə çatdıran səfir Elçin Əmirbəyov Fransanın müxtəlif regionlarında və əyalətlərində ölkəmizin mədəniyyətinin təbliği ilə bağlı günlərin keçirilməsində xüsusi əməyi olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.
“Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” ilə bağlı sərgi və konsertin ötən ilin oktyabr ayından etibarən keçirilməyə başladığını xatırladan səfir keçən il bu bölgənin Niort və Konyak şəhərlərində Azərbaycan günləri ilə bağlı tədbirlərin təşkil edildiyini bildirib, bu gün artıq onuncu şəhərdə – La Roşelldə keçirildiyini, iyul ayınadək tədbirlərin davam etdiriləcəyini və həmin vaxtadək bu ölkədə Azərbaycan günlərinin keçirildiyi şəhərlərin sayının 19-a çatacağını söyləyib.
La Roşell şəhəri ilə bağlı məşhur fransız yazıçısı Aleksandr Dümanın (ata) “Üç muşketyor” romanında xüsusi epizodlar olduğunu vurğulayan E.Əmirbəyov yazıçının Qafqaza, o cümlədən Azərbaycana səfərindən danışıb, Bakının Xəzər dənizinin, La Roşellin isə Atlantik okeanının sahilində yerləşməsinin bu şəhərlər arasında müəyyən oxşarlıqdan xəbər verdiyini vurğulayıb.
Səfir bildirib ki, Azərbaycan Fransa ilə bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrini genişləndirir. Fransanın paytaxtında mütəmadi olaraq Azərbaycan ilə bağlı mədəniyyət günləri, müxtəlif sərgilər, festivallar və konsertlər təşkil olunur. Fransanın bəzi universitetlərində Azərbaycan dili tədris olunur, yüzlərlə azərbaycanlı tələbə Fransanın ali məktəblərində təhsil alır. Keçən il Qafqazın ən böyük dövləti olan Azərbaycanın paytaxtı Bakıda ilk fransız məktəbinin binasının təməli qoyulub. Tolerantlıq ənənələrinə sadiq qalan Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra demokratik dəyərlərə əsaslanan sivil cəmiyyət yaratmaq yolu tutub. Azərbaycan zəngin tarixi və mədəni irsə malikdir. Roşellilər konsert zamanı bunun canlı şahidi olacaqlar.
Azərbaycanın qədim xalçaları, palazları, xurcunları, misgərlik və dulusçuluq sənəti nümunələri, qədim kişi və qadın geyimləri və digər eksponatlar fransızlar arasında ölkəmizə qarşı hədsiz maraq oyadıb. Sərgi iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, ayrı-ayrı şəhərləri ilə bağlı kitab və broşürlər paylanıb.
Sərgidən sonra “Muğam” instrumental və respublikanın Xalq Artisti Afaq Məlikovanın rəhbərlik etdiyi Dövlət Rəqs ansambllarının iştirakı ilə konsert təşkil olunub.
Konsertdən əvvəl çıxış edən şəhərin meri Maksim Bono mədəni irsin nümunələrindən biri olan musiqinin təmsil edilməsinin ölkəni tanımaqda və xalqların yaxınlaşmasında mühüm əhəmiyyət daşıdığını bildirib.
Səfir Elçin Əmirbəyov Azərbaycanın yalnız yeraltı sərvətlərlə deyil, həm də mədəniyyət müxtəlifliyi ilə zəngin bir ölkə kimi dünyada tanındığını, Muğamın xalqımızın ən qədim ənənəvi musiqisi olduğu və 2003-cü ildə UNESCO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini vurğulayıb.
Azərbaycan incəsənət ustalarının çıxışları, xüsusilə rəqs qrupunun ifa etdiyi milli rəqslər tamaşaçıların hədsiz marağına səbəb olub