Əfqanıstanın XİN müavini Azərbaycanın göstərdiyi dəstəyi yüksək qiymətləndirib

Bu gün Bakıda “Asiyanın qəlbində regional əməkdaşlıq üçün yeni gündəlik: İstanbul prosesi” çərçivəsində yüksək səviyyəli şəxslərin görüşü keçirilir. Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov görüşün əhəmiyyətini vurğulayıb və görülən işlər barəsində qısa məlumat verib.

Əzimov bildirib ki, artıq proses praktiki bir forma alıb və öz fəaliyyətini xeyli genişləndirib.
Əzimovun sözlərinə görə, bu tədbir aprelin 26-da Almatıda nazirlər səviyyəsində keçiriləcək iclasa hazırlıqdır. Bu tədbirdə hazırlanacaq deklarasiyanın mətni Almatıda qəbul olunacaq.

Tədbirdə çıxış edən Əfqanstan xarici işlər nazirinin müavini Caved Ludin İstanbul prosesinin ölkəsi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

O, ölkəsinin Azərbaycan ilə taxiri əlaqələrindən məmnun olduğunu vurğulayaraq Əfqanıstana göstərdiyi dəstəyə görə dərin təşəkkürünü bildirib.

Nazir müavini qeyd edib ki, bugünki görüşün məhz Bakıda keçirilməsi ölkənin bu istiqamətdəki fəaliyyətinin bariz nümunəsidir.

Əfqanstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərdən danışan nazir müavini qeyd edib ki, bir neçə ay bundan əvvəl ölkəsinin Bakıda səfirliynin açılması əlaqələrin sürətlə inkişaf etməyinə təkan verəcək.

Qeyd edək ki, “Asiyanın qəlbində regional əməkdaşlıq üçün yeni gündəlik: İstanbul prosesi” Əfqanıstanın birbaşa və regional qonşularından ibarət və şərti olaraq “Asiyanın qəlbi” adlanan bölgədə yerləşən 15 dövlətin təşkil etdiyi siyasi prosesdir. ABŞ, Böyük Britaniya, Yaponiya və digər dövlətlər, eləcə də BMT, NATO, ATƏT kimi beynəlxalq təşkilatlar sözügedən prosesdə dəstəkçi qismində çıxış edirlər.

“Asiyanın qəlbində regional əməkdaşlıq üçün yeni gündəlik: İstanbul prosesi”nin əsas məqsədi Əfqanıstanda sülhün, sabitliyin və inkişafın təmin edilməsində regional ölçüdən yararlanmaqdır. Azərbaycan bölgədə əməkdaşlığın inkişaf etdirilməsində, sabitliyin və inkişafın təmin olunmasında vacib rola malik ölkə kimi “Asiyanın qəlbində regional əməkdaşlıq üçün yeni gündəlik: İstanbul prosesi”nin tamhüquqlu üzvüdür.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO