Dini icmalar arasında yarış keçiriləcək

Dini icmalar ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib.
Dövlət Komitəsi sədrinin sözlərinə görə, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dini icmalar tərəfindən keçirilən silsilə tədbirlər davam edir. Belə ki, ötən həftə Şamaxıda Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda dini icmalar üçün ikigünlük regional konfrans keçirilib. Şirvan bölgəsinə daxil olan 9 rayonun dini icmaları bu tədbirdə iştirak ediblər. Bunun davamı olaraq hazırda digər bölgələrdə də analoji tədbirlər davam edir.
İskəndərov bildirib ki, Şirvan, Ağcabədi, Gəncə, Quba, Lənkəran, Zaqatala şəhərlərində “Heydər Əliyev və milli-mənəvi dəyərlər” adlı silsilə tədbirlər keçirilir.
Dövlət Komitəsinin sədri yaxın günlərdə start veriləcək tədbirlər barədə də danışıb.
“Sumqayıtda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Tolerantlıq Mərkəzi”nin təşəbbüs layihəsi çərçivəsində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə müxtəlif konfessiyalara (müsəlman, yəhudi, xristian) mənsub dini icmaların iştirakı ilə 9 min ağacın əkilməsi kampaniyası keçiriləcək. Həmçinin, dini icmalar arasında mini futbol turnirinə start veriləcək. Turnirin əsas məqsədi müxtəlif dini etiqadlı insanlar arasında qarşılıqlı anlaşmanın, bir-birinə dözüm və hörmətli münasibətin möhkəmləndirilməsinə kömək, Azərbaycanda dini tolerantlığın daha da inkişafına töhfə, dini icma nümayəndələri arasında əlaqələrin genişləndirilməsi və onların ümummilli lider Heydər Əliyev ideyaları ətrafında birləşdirilməsidir”, – komitə sədri qeyd edib.
İskəndərov bu ayın sonuna kimi ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı jurnalistlər və dini icmalar arasında keçirilən məqalə müsabiqəsinin nəticələrinin elan ediləcəyini də bildirib. Onun sözlərinə görə, “Dini dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi” mövzusunda məqalə müsabiqəsinin nəticələri aprel ayının sonuna kimi elan ediləcək və qaliblər mükafatlandırılacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO