Daxili İşlər Nazirliyindən Zeynəb Xanlarovanın etirazına cavab gəldi

Daxili İşlər Nazirliyi xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın dindarların həbsində adının hallanmasına görə etiraz etməsi məsələsinə aydınlıq gətirib.
Qeyd edək ki, xalq artisti, millət vəkili Zeynəb Xanlarova aprelin 11-də Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun Bakı Şəhər İcra Hakimiyyətinin binasını yandırmağa cəhd edən iki şəxsin həbs olunması barədə yaydığı məlumata və Tale Bağırova qarşı ittihamlarda adının çəkilməsinə münasibət bildirib. O deyib ki, heç kimdən şikayət etməyib: “Kiçik bir hadisədir olub, onu da nardaranlılardan görmürəm. Tələb edirəm ki, mənim adımı bu məsələlərdə hallandırmasınlar… “.
Məsələ ilə bağlı Trend-in sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov bildirib ki, aprelin 2-də saat 01.35 radələrində xalq artisti Zeynəb Xanlarovanın Nardaran qəsəbəsindəki 1104 saylı bağ evinin gözətçisi Rzalı Soltanov DİN-in “102” Xidmətinə zəng edərək saat 01.20 radələrində naməlum şəxslərin bağ evinin qarşısında avtomat silahdan atəş açaraq, yandırmaq məqsədilə həyətə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atmaları barədə məlumat verib.
“Məlumat operativ şəkildə Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə ötürülüb, idarənin və adıçəkilən bölmənin əməkdaşlarından ibarət qrup dərhal hadisə yerinə gəlib, zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Həmin gün səhər hörmətli Zeynəb xanım daxili işlər naziri, general-polkovnik Ramil Usubovla telefon əlaqəsi yaradaraq baş vermiş hadisədən narahatlığını bildirib, cinayətin qısa bir zamanda açılması və bu əməli törətmiş şəxslərin məsuliyyətə cəlb olunmaları üçün müvafiq tədbirlərin görülməsini, məsələnin diqqətdə saxlanılmasını xahiş edib. Nəzərinizə çatdırmaq istərdim ki, buna bənzər hadisə həmin gecə vətəndaş Rafiq İbrahimovun Nardarandakı bağ evində də baş verib. Onun həyətinə də yandırıcı qablar atılıb, birinci mərtəbənin şüşələri sındırılıb və divarına “Taleh Bağırova azadlıq!” sözləri yazılıb”, deyə Sadiq Gözəlov bildirib.
Onun sözlərinə görə, hər iki fakt üzrə cinayət işi başlanılıb, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.
“Bu hadisələrdən bir neçə saat sonra – 05.35 radələrində Bəxtiyar Qurbanov və Röyal Əsgərov polis naryadı tərəfindən şübhəli şəxs qismində Bakı Şəhər İcra Hakimiyyətinin yaxınlığında saxlanılmış, əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, köhnə şalvar, daş parçası, pambıq və süngər götürülüb.İlkin dindirmə zamanı onlar Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ətrafında əvvəlcədən bir neçə dəfə müşahidə apardıqlarını, Taleh Bağırovun həbsinə və guya hicaba qoyulan qadağaya etiraz olaraq İcra Hakimiyyətinin binasını yandırmaq, bununla da vətəndaş itaətsizliyi və ajiotaj yaratmaq istədiklərini etiraf ediblər.
O ki, qaldı Zeynəb Xanlarovanın məsələyə münasibətinə, humanizm ümumbəşəri bir dəyər olmaqla, bizim xalımızın da milli mentalitetinə xas olan nəcib xüsusiyyətdir. Vətəndaşlarımıza ən böyük humanistliyi isə dövlətimizin başçısı göstərib və göstərməkdə davam edir.
Hər hansı hüquq pozuntusunun yaxud cinayətin açılması, onu törədənlərin tapılıb-tutulması və məsuliyyətə cəlb olunması qanunvericiliklə birbaşa polisin və digər hüquq-mühafizə orqanlarının üzərinə qoyulub. Ona görə də burada söhbət heç bir halda Zeynəb xanım Xanlarovanın adının hallandırılmasından deyil, törədilmiş konkret cinayətlərə görə cəzanın labüdlüyü prinsipinin həyata keçirilməsindən və məsələyə hüquqi qiymət verilməsindən gedir”, deyə Sadiq Gözəlov deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO