Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu

Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Qanunu
I fəsil. Ümumi müddəalar
Bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların
əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam
verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan
daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir.
Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. Daşınmaz əmlak—üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan
torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla
möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin
dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular,
yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik
əkmələr, əmlak kompleksi kimi müəssisələrdir;
1.0.2. Daşınmaz əmlakın dövlət reyestr nömrəsi (reyestr nömrəsi)—Azərbaycan
Respublikası qanunvericiliyinə uyğun olaraq zamanca və Azərbaycan
Respublikasının ərazisində dəyişməyən, təkrarolunmaz, daşınmaz əmlak
obyektinin vahid şəkildə olduğunu göstərən nömrədir;
1.0.3. Hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə)—qanunla və
qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət
və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və
qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə
həbs qoyulması və sairə);

1.0.4. Qeydiyyat orqanı—daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və
aparan müvafiq icra hakimiyyəti orqanıdır.
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı
2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan
sonra—hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının
(yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət
tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş
qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət
reyestrində (bundan sonra—dövlət reyestri) aparılır.
2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə.
2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında
qanunvericilik
Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan
Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər
normativ-hüquqi aktlardan ibarətdir.
Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması
4.1. Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat
orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.
4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların
məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak
üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır.
4.3. Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət
qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət
reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada
məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun
olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan
məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü
müddətində onlara verməlidirlər.
Maddə 5. Dövlət reyestrinin açıqlığı

5.1. Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların
məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun
tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında
vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə
yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir.
5.2. Dövlət reyestrindən arayışı əldə etmək üçün qeydiyyat orqanına ərizə ilə müraciət
etmiş fiziki şəxs şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs isə onun dövlət qeydiyyatı
haqqında şəhadətnaməsinin surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən
etibarnaməni təqdim etməlidir. Daşınmaz əmlak üzərində hüquq sahibi olmayan şəxs
ərizədə arayışın əldə edilməsinin məqsədini göstərməlidir.
5.3. Qeydiyyat orqanı 5 iş günü müddətində müraciət etmiş şəxsə arayışı və ya
əsaslandırılmış imtina məktubunu verməlidir.
5.4. Hüquq sahibinin sorğusuna əsasən ona məxsus olan daşınmaz əmlak haqqında
qeydiyyat orqanının digər şəxslərə verdiyi arayışlar barədə məlumat sorğu verildiyi gün
iş vaxtı ərzində qeydiyyat orqanı tərəfindən hüquq sahibinə verilməlidir.
5.5. Dövlət reyestrindəki məlumatlardan hüquq sahibinin qanuni mənafelərinə ziyan
vuracaq üsul və formalarda istifadə edilməsi Azərbaycan Respublikasının
qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Maddə 6. Hüquqların qeydiyyatı və arayışların verilməsi üçün ödəmələr
6.1. Hüquqların qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş qaydada və miqdarda dövlət
rüsumu dövlət büdcəsinə ödənilir.
6.2. Dövlət reyestrindən arayışların verilməsinə görə hüquqların qeydiyyatı üçün qanunla
nəzərdə tutulmuş dövlət rüsumunun 30 faizi miqdarında haqq qeydiyyat orqanının xüsusi
hesabına ödənilir.
6.3. Bu qanun qüvvəyə minənədək daşınmaz əmlak üzərində hüquqları təsdiq etmiş
aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət
reyestrində qeydiyyata alınması üçün dövlət rüsumu tutulmur.
Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri
Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri
olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki
sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.
II fəsil. Daşınmaz əmlaka hüquqların dövlət
qeydiyyatının aparılması qaydası
Maddə 8. Hüquqların dövlət qeydiyyatı üçün əsaslar
8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin,
məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün
aşağıdakılar əsas hesab olunur:

8.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə
orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan
daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka
qoyulmasına dair qəbul olunmuş aktlar;
8.0.2. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr,
vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə
müəyyən edilmiş digər sənədlər;
8.0.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
8.0.4. bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları
tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar
və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki
sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi
müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat
vəsiqələri.
8.0.5. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində
olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə
dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər;
8.0.6. qanunvericilikdə nəzərdə tutulan digər əsaslar.

Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası
9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır:
9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və
ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi
haqqında qəbzin qəbul edilməsi;
9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan
məlumata uyğunluğunun yoxlanılması;
9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında
ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya
hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi;
9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın
dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin
yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.
9.2. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş
hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 20
gündən gec olmayaraq, daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır.
9.3. Hüquqların dövlət qeydiyyatı, ərizələrin qəbul edilmə ardıcıllığı ilə aparılır.
9.4. Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün), dövlət
qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində
qeydiyyata alındığı təqdirdə aparılır.

Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi
10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə
edənin ərizəsi əsasında aparılır. Ərizədə onu təqdim edən fiziki şəxsin soyadı, adı,
atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı,
qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin
məzmunu və əlavə olunan sənədlər göstərilməlidir.
10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur:
10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə
tutulmuş əsaslardan biri;
10.2.2. torpaq sahəsinin planı və ölçüsü;
10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz
əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi;
10.2.4. dövlət rüsumunun ödənilməsi barədə qəbz.
10.3. Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat
qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə

verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən
şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər.
Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə
tələblər
11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,
məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər
hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
11.2. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin
adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və
həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa
düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı
üçün qəbul edilmir.
Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi
12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına
keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında
qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda
daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir.
12.2. Dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 13. Dövlət reyestrinin aparılması

13.1. Dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də
xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır.
13.2. Ərizə jurnalı (ərizələrin qeydiyyat kitabı) və hüquqların dövlət qeydiyyatı üçün əsas
olan sənədlər daxil edilən qovluqlar dövlət reyestrinin ayrılmaz tərkib hissəsidir.
13.3. Ərizə jurnalında aşağıdakılar barədə məlumat göstərilir:
13.3.1. ərizəçilər, xahişin məzmunu, daşınmaz əmlaka dair sənədlər, hüquq
sahibləri;
13.3.2. hüquqların dövlət qeydiyyatı haqqında verilmiş çıxarışlar;
13.3.3. dövlət reyestrindən arayışlar və onları almış şəxslər.
13.4. Dövlət reyestri, ərizə jurnalı və hüquqların dövlət qeydiyyatı üçün əsas olan
sənədlər daxil edilən qovluqlar daimi saxlanılır. Onların tam və ya qismən məhv
edilməsi, yaxud onlardan hər hansı sənədlərin çıxarılması yolverilməzdir.
13.5. Dövlət reyestrindəki daşınmaz əmlaka hüquqlar, bu hüquqların yaranması,
başqasına keçməsi, məhdudlaşdırılması və onlara xitam verilməsi barədə məlumat
saxlanılan bölmələr həmin daşınmaz əmlakın reyestr nömrəsinə uyğun olaraq nömrələnir.
Sənədlər saxlanılan qovluqlara dövlət reyestrindəki müvafiq bölmələrin nömrələri verilir.
13.6. Dövlət reyestri hər bir daşınmaz əmlak obyekti barədə məlumat saxlanılan
bölmələrdən ibarətdir. Bölmə hər bir daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət
qeydiyyatına alınarkən tərtib olunmağa başlanılır.
13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən
daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.
13.8. Dövlət reyestrində aşağıdakı daşınmaz əmlak barədə məlumat saxlanılan
(göstərilən) bölmələr var:
13.8.1. torpaq sahələri, torpaqla möhkəm bağlı olan bütün obyektlər, o cümlədən
su obyektləri (sututarlar), meşələr, çoxillik əkmələr, binalar, qurğular, qeyriyaşayış sahələri, mənzillər, fərdi yaşayış və bağ evləri, əmlak kompleksi kimi
müəssisələr, kommunikasiyalar;
13.8.2. yer təki sahələri.
13.9. Dövlət reyestrinin hər bölməsi aşağıda göstərilən üç fəsildən ibarətdir:
13.9.1. obyektin ünvanı (olduğu yer), adı (növü), sahəsi, onun təyinatı və digər
zəruri məlumatlar;
13.9.2. mülkiyyət və digər əşya hüquqları, hüquq sahibinin adı, fiziki şəxsin
şəxsiyyət vəsiqəsindən məlumat və hüquqi şəxsin rekvizitləri. Hüquq sahibinin
göstərdiyi ünvan, payın miqdarı, hüququ təsdiq edən sənədlərin adı və digər zəruri
məlumatlar;
13.9.3. mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması (servitut,
ipoteka, uzufrukt, etibarlı idarəetmə, icarə, istifadə, lizinq, daşınmaz əmlakın
üzərində həbs qoyulması, daşınmaz əmlaka dair tələblər və sairə), məhdudiyyətin
qüvvədə olduğu müddət, xeyrinə hüquq məhdudlaşdırılmış şəxslər,
məhdudiyyətin yaranmasına əsas olan sənədin adı, onun qüvvədə olma tarixi,
əqdlər üzrə öhdəliklərin icrasının şərtləri və müddəti.
13.10. Hüquqa, onun məhdudlaşdırılmasına və daşınmaz əmlak obyekti barədə əqdlərə
dair hər bir yazıya (qeydə) ərizə jurnalındakı hüquqların dövlət qeydiyyatı üçün qəbul
edilmiş ərizənin qeydiyyat nömrəsi verilir.
13.11. Dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət
reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun
gəlmədikdə, kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla
hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda
sənədlərə üstünlük verilir.
13.12. Daşınmaz əmlak obyektinin bölünməsi, birləşməsi və ayrılması nəticəsində
yaranan yeni obyektlər barədə məlumat dövlət reyestrinin yeni bölmələrində yazılır. Belə
obyektlər üçün yeni reyestr nömrələri verilir və hüquqların dövlət qeydiyyatı üçün əsas
olan sənədlər saxlanılan yeni qovluqlar tərtib olunur. Dövlət reyestrinin yeni
bölmələrində və qovluqlarında əvvəllər mövcud olmuş daşınmaz əmlaka aid olan
bölmələrə və qovluqlara istinad olunmalıdır.
Maddə 14. Hüquqların dövlət qeydiyyatının dayandırılması

14.1. Qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay
müddətinə dayandırıla bilər.
14.2. Qeydiyyatın dayandırılması əsaslandırılmalı və 48 saat ərzində ərizəçiyə yazılı
şəkildə bildirilməlidir. Bu halda vəzifəli şəxs şübhə doğuran sənədlərə dair müvafiq
dövlət orqanlarına sorğular göndərməli və həmin sorğulara cavab 10 gün müddətində
verilməlidir. Bu cür sorğulara vaxtında cavab verməyən vəzifəli şəxslər inzibati
məsuliyyətə cəlb edilirlər.
14.3. Hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya
onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə
dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri
göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə
tutulmuş müddətin axınını dayandırır.
14.4. Qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı
hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə
jurnalında müvafiq qeydlər etməlidir.
14.5. Bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz
əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağa qoyulması və ya
qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin
verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda, qeydiyyat məhkəmədə iş həll
olunanadək dayandırılır.
14.6. Ərizə jurnalında hüquqların dövlət qeydiyyatının dayandırılması barədə qeydlər
edilməlidir.
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina
15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:
15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət
qeydiyyatına alınmalı deyildirsə;
15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb
olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş
tələblərə uyğun deyildirsə;
15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs
müraciət etdikdə;
15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya
bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız
hesab olunduqda;
15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak
üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;
15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın
dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5
gün müddətində bildiriş göndərilir.
Maddə 16. Dövlət reyestrində düzəlişlər
16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri,
onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün
müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin
maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində yazılı
məlumat verilməlidir.
16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq
sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini
pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü
şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.
16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin
hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ
qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan
yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində
qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq
verməsini tələb edə bilər.
16.4. Bu qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin
mötəbərliyinə qarşı etiraz edilə bilər.
16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya
reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin
məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında
özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin
xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən
şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
III fəsil. Daşınmaz əmlak üzərindəki bəzi hüquqların
dövlət qeydiyyatı
Maddə 17. Qabaqcadan qeydiyyat
17.1. Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki
qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları
dövlət reyestrində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 147-ci maddəsində
nəzərdə tutulmuş qaydada tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan
qeydiyyata alına bilər.
17.2. Tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya
qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü
dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər.
17.3. Mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hüquq əldə edənə kreditin verilməsi,
habelə mənzili və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin
(mənzil və ya qeyri-yaşayış sahəsini tikdirib hüquq əldə edənə satmaq öhdəliyi olan
təşkilatın) hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə, yaxud hüquq əldə
edən tərəfindən mənzilin və ya qeyri-yaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq
edən sənəd mənzil sertifikatıdır .
17.4. Kredit müqaviləsi və dövlət reyestrindən mülkiyyət hüququnun qabaqcadan
qeydiyyatı barədə arayış əsasında kredit verən bankın (kredit təşkilatının) xeyrinə
mənzilin (qeyri-yaşayış sahəsinin) ipotekası haqqında müqavilə notariat qaydasında
təsdiqlənir və dövlət reyestrində qeydiyyata alınır.
17.5. Bu qanunun 17.2—17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa
çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir.
17.6. Torpaq sahəsinə olan hüququn və ya torpaq sahəsini yüklü edən hüququn əldə
edilməsinə və ya ləğvinə, yaxud belə hüququn məzmununun və ya növbəliliyinin
dəyişdirilməsinə dair tələbi təmin etmək üçün dövlət reyestrində qabaqcadan qeydiyyat
aparıla bilər. Gələcək və ya şərti tələblərin təmin edilməsi üçün də qabaqcadan
qeydiyyatın aparılmasına yol verilir.
17.7. Qabaqcadan qeydiyyat aparıldıqdan sonra torpaq sahəsinə və ya ona olan hüquqa
dair verilən sərəncam, onun göstərilən tələbin həyata keçirilməsinə təsir etdiyi və ya
mane olduğu hissəsində etibarsızdır. Həmin qayda sərəncamın məcburi icra və ya həbsin
qoyulması qaydasında verildiyi halda da tətbiq edilir.
17.8. Hüququn əldə edilməsinə yönəldilmiş tələbin üstünlüyü qabaqcadan qeydiyyat üçün
tələb barəsində ərizənin reyestrə təqdim edilməsi vaxtı ilə müəyyən edilir.

Maddə 18. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi
18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır.
18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak
mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında
qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir.
Maddə 19. Daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət
qeydiyyatı
19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə
hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına
alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri
verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət
əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra
hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır.
19.2. Torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə, qeydiyyat üçün
təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir.

19.3. Binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi
haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri
göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi
(istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun
məhdudlaşdırılması kimi qeydiyyata alınır.
Maddə 20. İpotekanın dövlət qeydiyyatı
20.1. Daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası
haqqında müqavilənin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, ipoteka ilə təmin
edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə
məlumat qeyd edilir.
20.2. İpoteka predmeti bütövlükdə əmlak kompleksi kimi müəssisə olduqda, üzərində
ipoteka hüququ qeydiyyata alınan əmlakın tərkibinə həmin müəssisənin maddi və qeyrimaddi aktivləri, o cümlədən binalar, tikililər, qurğular, avadanlıq, inventar, xammal, hazır
məhsul, tələb hüquqları, patentlər və başqa müstəsna hüquqlar daxil olur.
20.3. İpotekanın qeydiyyatı ərizənin qeydiyyat orqanına daxil edildiyi gündən 5 iş günü
müddətində aparılır.
20.4. İpotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı
əsasında ləğv olunur.
20.5. İpotekanın dövlət qeydiyyatının digər xüsusiyyətləri, o cümlədən əlavə qeydiyyatın
aparılması qaydası ipoteka haqqında qanunvericiliklə tənzimlənir.
Maddə 21. Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqların
dövlət qeydiyyatı
21.1. Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət
qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir.
21.2. Daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə
mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul
edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir.
Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və
vərəsəlik
22.1. Etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi
ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən
müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır.
22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər
əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun
qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında
arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin
arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
IV fəsil. Məsuliyyət
Maddə 23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin
pozulmasına görə məsuliyyət
23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində
daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət
reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim
edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti
orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak
barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif
edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə
qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV.
Bakı şəhəri, 29 iyun 2004-cü il.
¹ 713-IIQ.
Azərbaycan» qəzetində dərc edilmişdir (10 avqust 2004-cü il, ¹ 184) («VES
Consultancy» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust
2004-cü il, ¹ 8, maddə 603) («VES Consultancy» LLC).
12 may 2006-cı il tarixli, 111-IIIQD nömrəli; 17 aprel 2007-ci il tarixli, 315-IIQD
nömrəli; 1 fevral 2008-ci il tarixli, 537-IIIQD nömrəli qanunlara əsasən əlavə və
dəyişikliklərlə («VES Consultancy» LLC).
© VES Consultancy LLC

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO