Dağlıq Qarabağa səfər edən türkiyəli jurnalist Azərbaycanda “arzuolunmaz şəxslər ” siyahısına daxil edilib – XİN

Azərbaycan tərəfinin razılığı olmadan Dağlıq Qarabağa səfər edən Türkiyənin “Axşam” qəzetinin jurnalisti Nagehan Alçı Azərbaycanda “arzuolunmaz şəxslər” siyahısına daxil edilib. Bu barədə çərşənbə axşamı Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov Trend News-a bildirib.

“Azərbaycan tərəfinin icazəsi olmadan Azərbaycanın işğal altında olan ərazilərinə səfər edən şəxs peşə fəaliyyətindən asılı olmayaraq, Azərbaycan qanunvericiliyinə zidd hərəkətinə görə “arzuolunmaz şəxslər” siyahısına daxil edilir. Bu həm jurnalistə, həm də qeyri-hökümət təşkilatlarının nümayəndələrinə və digərlərinə aiddir”, – Poluxov deyib.

“Türkiyənin “Axşam” qəzetinin jurnalisti Nagehan Alçı Dağlıq Qarabağa səfər edib və bildirib ki, Dağlıq Qarabağ Ermənistanın ərazisidir”, – Ermənistan KİV-i məlumat verir. XİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, eyni zamanda Azərbaycanın İstanbuldakı baş konsulluğundan alınan məlumata görə, “Axşam” qəzetinin redaksiyası jurnalistin səfərini təsadüfi qiymətləndirib və bildirib ki, bu səfər redaksiyanın tapşırığı ilə həyata keçirilməyib. “Axşam” qəzetinin redaksiyasının rəsmi cavabına diqqət yetirərək, bu qəzetlə əməkdaşlıq məsələsi hələ nəzərdən keçiriləcək”, – Poluxov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO