Aprelin 7-də Bakıda Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin “Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış” mövzusunda beynəlxalq forumun rəsmi açılışı olmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak etmişdir.
Forumdan əvvəl Leyla Əliyeva “JW Marriott Absheron” otelinin qarşısında səyyar kitabxananın rəmzi açılışını bildirən lenti kəsmişdir. Leyla Əliyevaya “Gəzən kitabxana” ilə tanış olmuşdur.
Bildirilmişdir ki, bu layihə bir il davam edəcək və ölkəmizin 15 regionunu əhatə edəcəkdir. On min kitab və beş min elektron nəşrin olduğu kitabxana səyyar fəaliyyət göstərəcək və kitabsevərlər nəşrləri pulsuz əldə edəcəklər. “Gəzən kitabxana”da yaradılmış xüsusi proqramda nəşrlərin elektron kataloqu yerləşdirilmişdir. Kitabxanada üç dildə nəşrlər var və səkkiz bölmə fəaliyyət göstərir.
Sonra Leyla Əliyeva “Açıq rəf” layihəsi ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, “Açıq rəf” – kitab rəfləridir və bunlar paytaxtımızın müxtəlif məkanlarında yerləşdiriləcəkdir. Layihənin məqsədi ölkəmizə gələn əcnəbi turistlərin qeydiyyatdan keçmədən Azərbaycan ilə bağlı kitablara sahib olmalarını təmin etməkdir. “Açıq rəf” layihəsinin prinsipi kitab götürüldükdən sonra qaytarılmalı və ya əvəzinə başqa kitab təhvil verilməlidir.Sonra forum öz işinə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Forumu açaraq belə bir mötəbər tədbirin Bakıda keçirilməsinin əhəmiyyətini vurğulamışdır.
Azərbaycanın gənclər və idman naziri Azad RəhimovForumda çıxış edərək demişdir ki, bugünkü gənclər praqmatikliyi, analitik zəkanı yeni yanaşma tərzi, orijinal ideya irəli sürmək qabiliyyəti ilə birləşdirərək dünya iqtisadiyyatına qiymətli töhfə verirlər. Nazir ümidvar olduğunu bildirmişdir ki, Qlobal Gənclər Birliyinin bir il əvvəl Bakıda açılmış nümayəndəliyi kreativ və realist, məsuliyyətli və praqmatik gəncləri öz ətrafına toplayacaqdır.
Azad Rəhimov “Global Shapers” cəmiyyətinin strateji dialoqunun aparılmasının təsadüfi olmadığını bildirərək demişdir: “Azərbaycan Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşir. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Respublikamız Avropanın və Asiyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənir, onu iqtisadi inkişafın özünü doğrultmuş ənənəvi yolları ilə birləşdirir. Əslində, Azərbaycan öz modelini yaradır”.
Prezident İlham Əliyevin “Azərbaycanın uğur formulu bir neçə mühüm komponentdən ibarətdir” sözlərini xatırladan nazir demişdir: “Bu, ən yaxşı həyat standartları verən, vətəndaşların istedad və qabiliyyətlərini müstəqil şəkildə reallaşdırmaları üçün bərabər imkanlar açan cəmiyyət quruculuğudur. Bu, innovasiya tipli iqtisadiyyatın inkişafı və onun səmərəliliyinin radilkal şəkildə artırılmasıdır. Nəhayət, bu, ölkənin rəqabətədavamlılığının inkişaf etdirilməsinin hərəkətverici qüvvəsi kimi millətin kreativ sinfinin yaradılmasıdır”.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumda çıxış etmişdir.
“Sizi Azərbaycanda, doğma şəhərim Bakıda salamlamaqdan qürur hissi duyuram.
Dünya İqtisadi Forumunun təşkilatçılarına minnətdarlıq etmək istəyirəm. Onların səyləri ilə bugünkü tədbir yüksək səviyyədə təşkil olunmuşdur. Cənubi Qafqaz və Mərkəzi Asiya dünyanın zəngin təbii ehtiyatlarını, habelə infrastrukturun qeyri-adi yüksəlişini və texniki inkişafı özündə birləşdirən regionlardan biridir. Bunun və digər amillərin sayəsində dünya məhz bizim regionda ilk neft bumlarından birinin şahidi olmuşdur.
Regionumuz siyasi təfəkkür və dövlətçilik ənənələri, incəsənətin, mədəniyyətin və elmin tərəqqisi ilə bəşər tarixinin bir hissəsinə çevrilmişdir. Eyni zamanda, şairlərimizin və filosoflarımızın əsərləri bütün dünyada milyonlarla insanın qəlbini və zəkasını fəth etmişdir”, deyə Leyla Əliyeva bildirib.
Onun sözlərinə görə, coğrafi baxımdan Qərb ilə Şərqin qovuşuğunda yerləşən Cənubi Qafqaz nəinki iki sivilizasiyanın dəyərlərini özündə ehtiva edir, həm də Qərbi Şərqə, Şərqi Qərbə təqdim etmək iqtidarındadır.
“Əziz dostlar, elə problemlər var ki, onları qlobal səviyyədə həll etmək lazımdır. Lakin onların həlli üçün ümumi dəyərlər işlənib hazırlanmalıdır.
Qlobal problemlərin müvəffəqiyyətlə həllinə dəstək göstərəcək münasibətlər modelini belə dəyərlər olmadan yaratmaq mümkün deyildir. İnanıram ki, sərhədləri aşıb keçən məsələlərin həlli üçün əməkdaşlıq siyasəti lazımdır. Məhz belə siyasət müxtəlif region və mədəniyyətlərin maraqlarını müvafiq şəkildə nəzərə alıb milli iqtisadiyyatların inkişafını əlaqələndirə bilər.
Hazırda inkişafda olan iqtisadiyyatların əksəriyyəti təbii ehtiyatların tükənən olduğunu nəzərə almır. Nəticədə gələcəkdə qlobal ekoloji fəlakət ehtimalı böyükdür. Məhz buna görə də ekoloji təhsil və maarifləndirmənin hələ orta və ali məktəb auditoriyalarından başlanması məsələsi hazırda kəskin şəkildə qarşıda durur”, deyə Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib.
Leyla Əliyeva bildirib ki, bu gün gənclər çox mühüm intellektual, mədəni və peşəkar potensialdır. Dövlətlərimizin taleyi onların həyatının və inkişafının keyfiyyətindən asılıdır.
“Azərbaycan on bir iqlim qurşağının doqquzunun mövcud olduğu, son dərəcə gözəl təbiətə və zəngin biomüxtəlifliyə malik bir ölkədir. Biz də bu sərvəti gələcək üçün qoruyub saxlamaq məqsədilə qarşımıza konkret vəzifələr qoymuşuq.
IDEA Beynəlxalq Kampaniyası təşəbbüsü ilə çıxış etməyimizdən artıq demək olar iki il keçmişdir. IDEA Kampaniyası yaradıldığı vaxtdan ətraf mühitin mühafizəsi, habelə gənclər siyasəti sahəsində müxtəlif mexanizmlərin sınaqdan keçirilməsi platformasına çevrilmişdir.
Biz ekologiya məsələlərində gənclərin maarifləndirilməsi və bilavasitə Azərbaycanın və bütövlükdə regionun ətraf mühitinin mühafizəsinə yönəldilmiş layihələrin icrası istiqamətində müəyyən uğurlara nail olmuşuq. IDEA Kampaniyası Rusiya WWF ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalamışdır və hazırda Türkiyə WWF ilə analoji sənəd üzərində işləyirik.
IDEA “Böyük Qafqaz beşliyini” – bəbir, canavar, ceyran, qartal və ayını müəyyən etmişdir. Rusiyalı həmkarlarımızla Qafqaz zubrunun qorunmasını da müzakirə edirik. Qeyd etmək istəyirəm ki, Azərbaycan Avropanın keçən il Qafqaz bəbiri qeydə alınmış yeganə ölkəsidir. İndi vəzifəmiz bu gözəl, lakin nadir və nəsli kəsilməkdə olan növü qorumaq və çoxaltmaqdır.
Qürur hissi ilə qeyd edə bilərəm ki, hazırda İDEA Bakıda və ölkənin bölgələrində ətraf mühit mövzusunda məşğələ və seminarlar keçirir.
Ötən il IDEA BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə birlikdə Azərbaycan paytaxtında ilk dəfə “Yaşı həftə” təşkil etmişdir.
Biz “Yaşıl Azərbaycan” proqramını başa çatdırdıq. Bu proqram çərçivəsində ölkənin müxtəlif bölgələrindən 8 mindən çox məktəbli ətraf mühitin mühafizəsinə dair fakültativ məşğələlərdə iştirak etmişdir. Bundan əlavə, məhz IDEA Kampaniyasının təşəbbüsü ilə ətraf mühitin mühafizəsi üzrə dərslər 2013-cü ilin sentyabrından Azərbaycan məktəblərinin tədris proqramına daxil ediləcəkdir.
Həmçinin, bu yaz Litva, Rusiya, Böyük Britaniya, İtaliya və Qırğızıstandan olan həmkarlarımızla birlikdə köçəri quşlar üçün yuvalar quracağıq.
Lakin biz təkcə təhsil proqramları ilə kifayətlənmirik. Biz fəaliyyətimizin miqyasını genişləndirmək üçün müxtəlif yolların axtarışındayıq. Məsələn, hazırda Azərbaycanın hüdudlarından kənarda ən fəal gənclər təşkilatı olan Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) geniş şəkildə çoxsaylı humanitar və mədəni layihələr, habelə ətraf mühitin mühafizəsinə yönəlmiş layihələr həyata keçirir. Bütövlükdə RAGB-ın fəaliyyətinin miqyası Rusiyada gənclərin həyatının bütün sahələrini əhatə edir ki, bu da qurumdan əməkdaşlığı genişləndirmək məkanı kimi istifadə etməyə imkan verən müsbət amildir”, deyə Leyla Əliyeva bildirib.
Onun sözlərinə görə, bəşər cəmiyyətinin inkişaf tarixi insanın müxtəlif üsullarla təbiətə təsirinin miqyasının və onun istismarının gücləndirilməsinin genişləndirilməsi tarixidir.
İnsanın təbiətə münasibətdə fəaliyyətinin nəticələrinə görə onun mənəviyyatı, mədəni səviyyəsi, habelə gələcək nəsillər qarşısında sosial məsuliyyəti barədə mühakimə yürütmək olar.
“İdeya və planlarımızı sizə çatdırmaq imkanının verilməsinə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Mən gələcəyə nikbinliklə baxıram. Əminəm ki, siyasi, iqtisadi, ekoloji və mədəni mübadilə bizim nəslin nümayəndələrinə bəşəriyyətin ümumi idealları naminə gələcəyin təhdidlərini aradan qaldırmaq və sülhü qoruyub saxlamaq imkanı verəcəkdir.
Sizi bir daha Vətənimdə salamlayıram və ümidvar olduğumu bildirmək istəyirəm ki, sizin nadir tarixi irsə malik əbədiyaşar Azərbaycanı – dinamik və rəngarəng mədəniyyəti olan müasir dünyəvi bir dövləti görmək imkanınız olacaqdır.
Lakin mən əminəm ki, daha bir amil sizdə unudulmaz təəssürat oyadacaqdır. Bu, mədəniyyətimizin parlaq cəhətlərindən biri olan qonaqpərvərliyimizdir.
Hörmətli qonaqlar, bizi sizi Azərbaycanda təkrar-təkrar salamlamağa şadıq, çünki qədim inanca görə “Qonaqsız evin bərəkəti olmaz”, deyə Leyla Əliyeva çıxışında bildirib.
Sonra Forum işini “Qlobal gənclər layihəsi üçün media və ictimaiyyətlə əlaqələr” mövzusunda seminarla davam etmişdir.
Seminarda Olimpiya hərəkatı və beynəlxalq idman yarışları ilə bağlı xəbərləri yayan “Around the Rings” elektron portalının Yaxın Şərq üzrə nümayəndəsi Paulette Hebert, həmin portalın təsisçisi və baş redaktoru Ed Hula çıxış edərək Forumda müzakirə olunan məsələlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışmışdır.