BMT-nin bütöv sisteminin, xüsusilə Təhlükəsizlik Şurasının islahata ehtiyacı var

İtaliyanın Roma şəhərində İtaliya və İspaniyanın sədrliyi ilə “BMT Təhlükəsizlik Şurası islahatına yeni yanaşmalar” adlı xarici işlər nazirlərinin konfransı keçirilib. Dünyanın 70 ölkəsinin iştirak etdiyi konfransda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.

Xarici İşlər Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İtaliya hökumətinin təşəbbüsü ilə artıq üçüncü dəfə keçirilən konfransın məqsədi BMT-nin Təhlükəsizlik Şurasının islahatı mövzusunda dünyanın müxtəlif bölgələrindən olan BMT-yə üzv dövlətlər arasında siyasi dialoqa şərait yaratmaqdır. Təşkilatın mövcud strukturunun artıq müasir dövrün reallığını əks etdirmədiyi, yeni üzvlərin sayı, onların coğrafi bölgüsü və veto hüququ barədə kifayət qədər ziddiyyətli fikirlər mövcuddur.

Konfransın açılışında giriş sözü ilə İtaliyanın xarici işlər naziri Culyo Tertsi və İspaniyanın Xarici Əlaqələr üzrə Dövlət Katibi Gonzalo de Benito Secades çıxış etmişlər. Nazir Elmar Məmmədyarov öz çıxışında BMT-nin Nizamnaməsinə uyğun olaraq BMT-nin Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması üçün məsuliyyət daşıyan başlıca orqan olduğunu, qurulduğu vaxtdan beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılmasına mühüm töhfələr verdiyini qeyd edərək, müasir dövrün çoxtərəfli çağırışlarına və təhlükələrinə cavab vermək üçün BMT-nin bütöv sisteminin, xüsusilə Təhlükəsizlik Şurasının islahata və yenilənməyə ehtiyacı olduğunu vurğulamışdır. Nazir həmçinin, Təhlükəsizlik Şurasının səmərəliliyinin artırılması üçün onun qəbul etdiyi qərarların, xüsusilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılmasına yönəlmiş qətnamələrin BMT-yə üzv dövlətlər tərəfindən qeyd-şərtsiz əməl olunmasının vacibliyini qeyd etmişdir.

Sözügedən tədbir çərçivəsində Nazir Elmar Məmmədyarov ilə Albaniyanın xarici işlər naziri Edmond Panariti arasında görüş keçirilmişdir. Görüşdə iki ölkə arasında münasibətlər və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Albaniyalı Nazir Edmond Panariti azərbaycanlı həmkarını Albaniyaya səfərə dəvət etmişdir.

Konfransdan sonra Nazir Elmar Məmmədyarov Romanın Villa Borgeze parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsini ziyarət etmiş və abidə üzərinə əklil qoymuşdur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO