“Bizi seçki polisi hesab edirlər”


ATƏT-in Müşahidə Missiyasının rəhbəri Boris Frlesin APA-ya müsahibəsi

– ATƏT-in Müşahidə Missiyasının açıqladığı ikinci hesabatda seçkilərin sakit məcrada getdiyi vurğulanır. Sizcə, bunun səbəbi nədir? Bu məsələni hakimiyyət nümayəndələri və prezidentliyə namizədlərlə müzakirə etmisinizmi?

– Prezident seçkiləri həmişə parlament seçkilərindən fərqlənir və bir qayda olaraq daha sakit məcrada keçir. Azərbaycanda namizədlərdən biri olan prezident İlham Əliyevin üstünlükləri çoxdur. O son beş il ərzində ölkəni uğurla idarə edib, uğurlu fəaliyyətini isbatlayacaq çoxlu sübut var. Digər namizədlər isə belə üstünlüklərə malik deyil, onlar yalnız niyyətlərini açıqlaya bilirlər. Kütləvi informasiya vasitələri prezidentin məktəblərin, xəstəxanaların açılış mərasimlərində iştirakını işıqlandırır. Prezident İlham Əliyev seçki kampaniyasında iştirak etmir, amma onun ölkənin hər yerində nümayəndələri, vəkilləri var. Buna rəğmən, digər namizədlər də seçkiqabağı kampaniyanı davam etdirirlər.

– Seçkilərə ictimai marağın az olduğu barədə fikirlərlə razısınızmı?

– İctimai marağın az olub-olmadığını səsəvermə günü görəcəyik. Məndə belə bir hiss var ki, məsələ insanların namizədləri tanımamasında deyil, bu, prezident İlham Əliyevin digər namizədlərə nisbətən daha şanslı olmasının effektidir. Əlbəttə ki, bunun belə olub-olmadığını seçkilər başa çatdıqdan sonra görəcəyik.

– Seçkilərdə seçicilərin iştirak faizinə dair proqnozlarınız varmı?

– Yaşayarıq, görərik. Burada bir mühüm məqamı qeyd etmək istəyirəm ki, biz seçkilərin nəticələrində maraqlı deyilik, bizi müşahidə etdiyimiz proses maraqlandırır. Seçki məntəqələrinə nə qədər seçicinin gəlməsini proqnozlaşdırmaq bizim işimiz deyil.

– Bəzi prezidentliyə namizədlər açıqladığınız ikinci hesabatla razı deyillər. Onlar qeyri-aktiv seçki kampaniyası aparmaları ilə bağlı fikirlər qəbul etmirlər…

– Biz maksimum obyektiv olmağa çalışırıq. Bütün prezidentliyə namizədlərlə görüşlər keçiririk. Hər hansı namizədin bizim hesabatı tənqid etməsi normaldır. Bizim müşahidəçilər ölkənin bütün bölgələrində fəaliyyət göstərirlər, buna görə də əlimizdə etibarlı məlumatlar var. Bəyanat və hesabatlarımızda maksimum obyektiv olmağa çalışırıq.

– Siz, həmçinin seçki kampaniyasının kütləvi informasiya vasitələrində işıqlandırılmasının monitorinqini keçirirsiniz. Nəticələr Sizi qane edirmi?

– Biz 7 telekanal və 4 qəzetin monitorinqini aparırıq. İctimai Televiziya ilə birbaşa əlaqələrimiz var. Biz, həmçinin, seçki platformasının açıqlanmasına ayrılan vaxtın bərabər bölünməsi məsələsini ciddi müzakirə edirik. Bundan başqa, media üzrə ekspertlərlə mütəmadi görüşlər keçiririk. Qəzetlərdə vəziyyət daha yaxşıdır. Qəzetlərdə gördüyümüz tənqidə adətən televiziyada rast gəlmirik. Eyni zamanda qəzetlərdə daha çox plüralizm və fikir müxtəlifliyi ilə qarşılaşırıq.

– Azərbaycanda üç jurnalist hələ də həbsdədir. Sizcə, bu amil seçkiqabağı situasiyaya təsir göstərirmi? Hökumət təmsilçilərindən həmin jurnalistlərin azadlığa buraxılmasını xahiş etmisinizmi?

– Bizim vəzifəmiz – seçkiləri müşahidə etmədir, kiməsə təsir etmək yox. Bu aspektin seçkiqabağı prosesə təsirinə gəldikdə, bu məsələ açıqladığımız ilk hesabatda əksini tapıb. Biz ATƏT-in media və söz azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin mövqeyini dəstəkləyirik, kütləvi informasiya vasitələri seçkiqabağı təbliğat kampaniyasını sərbəst şəkildə işıqlandırmalıdır. Təbii ki, buna mane olan hər şey təəssüf doğurur.

– Bəzi müxalifət partiyalarının seçkiləri boykot etməsi situasiyaya təsir göstərirmi?

– Biz ölkədə bütün siyasi liderlər, o cümlədən seçkiləri boykot edən qüvvələrin rəhbərləri ilə görüşmüşük. Onlar nə üçün boykot taktikasına üstünlük verdiklərini izah ediblər. Onların siyasi gələcəyini necə qurmaq niyyətlərini şərh etmək fikrimiz yoxdur. Lakin bəzi sabiq müxalifət liderlərinin boykotçu qüvvələrlə məsafə saxlaması və prezidentliyə namizəd olması adi hal kimi qarşılanmalıdır.

– Bakı şəhər İcra Hakimiyyəti yeni qəbul olunmuş “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsaslanaraq, müxalifətin şəhərin mərkəzində mitinq keçirməyə icazə vermir…

– “Sərbəst toplaşmaq azadlığı haqqında” yeni qanun çox liberaldır, bu qanunun qəbulu pozitiv addımdır. Azərbaycan hökuməti bu qanunun mahiyyəti yaxşı anlayır. Qanunda bildirilir ki, hökumət binalarının 200-300 metrliyində aksiya keçirmək olmaz. Lakin Bakı şəhər İcra Hakimiyyəti bu qanunu çox qəribə şərh edib. Mən bu gün cənab Hacıbala Abutalıbova qanunun əsas postulatlarını təqdim etmişəm. Qanunda bildirilir ki, qanunla qadağan edilməyən istənilən yerdə aksiya keçirilə bilər.

– Seçkiləri müşahidələriniz əsasında Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı yeni tövsiyələr ortaya çıxa bilərmi?

– Biz seçkilərlə bağlı yekun sənəd hazırlayacağıq. Həmin sənəddə digər aspektlərlə yanaşı, tövsiyələr də yer alacaq. Tövsiyələr beynəlxalq standartlara uyğun və yerli qanunlar çərçivəsində hazırlanacaq. Biz də problemlər yarana biləcək sahələrdə vəziyyəti normallaşdırmağa dair tövsiyələr irəli sürəcəyik. Son seçkilərdən sonra biz bir çox tövsiyələr irəli sürmüşdük ki, bunların da bəziləri qəbul olunub, bəziləri isə məqbul sayılmayıb.

– Seçki siyahılarının hazırlanması sahəsində yaranan problemlər Sizə tanışdırmı?

– Bu siyahıları hazırlamaq rəsmi qurumlar üçün həmişə başağrısıdır. Seçici siyahıları heç zaman 100 faiz dəqiq olmur. Mərkəzi Seçki Komissiyası siyahıları yeniləmək üçün bəzi tədbirlər görüb və sözün düzü, bu sahədə hansısa ciddi problem olduğunu eşitməmişəm. Əlbəttə ki, vəziyyətin necə olduğunu seçki günü daha dəqiq biləcəyik.

– Seçki bülletenləri də artıq hazırdır. Seçki bülletenləri ilə tanışsınızmı? Beynəlxalq müşahidəçilərin akkreditə prosesi necə gedir?

– Bizim ekspertlər bülletenlərin hazırlanması və çapı prosesini müşahidə ediblər. Biz bu prosesi müşahidə edirik. Akkreditə məsələsinə gəldikdə, MSK qısa müddət ərzində 9024 müşahidəçini qeydiyyata götürüb. Bunlar təkcə beynəlxalq deyil, həm də yerli müşahidəçilərdir.

– Seçkilərdən gözləntiləriniz nədir?

– Seçkilərin sakit, bərabərhüquqlu, qanun və proseduralara uyğun şəkildə keçəcəyini gözləyirik. Gözləyirik ki, seçkilərdə manipulyasiya və digər bu kimi insidentlər olmayacaq. Bunun üçün seçki gününü gözləməliyik. Biz bura öz istəyimizlə gəlməmişik, bizi Azərbaycan Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası dəvət edib. Düşünürəm ki, bu, Azərbaycan üçün yaxşı haldır. Digər tərəfdən, Azərbaycan beynəlxalq birliyin və ATƏT-in üzvüdürsə, üzərinə götürdüyü öhdəliklərə riayət etməli, seçkiləri standartlara uyğun keçirməlidir. Azərbaycanda bəzi insanlar bizim mandatımızın mahiyyətini başa düşmürlər. Bəziləri elə hesab edirlər ki, biz seçki polisiyik, prosesə müdaxilə edə bilərik. Lakin bizim vəzifəmiz müşahidə etmək və məlumatlandırmaqdır. Sonra vəzifə media və vətəndaşların üzərinə düşür, bizim işimizi onlar qiymətləndirəcək. Və sonda mənim də bir sualım var: “Bizim hesabatlarımızda həqiqət olmayan nə isə varmı?..”

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO