Bayram günləri seçki kampaniyası da dincəlib

“Seçki 2008” QHT Koalisiyası növbəti moniorinqin nəticəsini açıqlayıb

“Seçki 2008” QHT Koalisiyası 15 oktyabr 2008-ci il prezident seçkisi ilə bağlı keçirdiyi monitorinqin 8-ci həftəsini başa çatdırıb. Koalisiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən Lent.az-a daxil olan məlumata görə, 2-4 oktyabr tarixlərini əhatə edən monitorinq oktyabrın sonunadək davam edəcək.
Bu həftə prezident seçkisi ilə bağlı monitorinqi aparılan 9 qəzet və üç internet saytında ümumilikdə 164 yazı dərc edilib (qeyd edək ki, həftənin ilk üç günü bayram səbəbindən qəzetlər çıxmayıb). Yazılardan 44-ü beynəlxalq müşahidəçilər, seçkiyə nəzarət, seçki maarifləndirməsi, medianın monitorinqi və MSK-nın məlumatları, qərarları barədədir. Hazırkı dövlət başçısı, prezidentliyə namizəd İlham Əliyev haqqında 82 yazı verilib. Yazıların hamısı İlham Əliyevin lehinə, ya da tərəfsiz olub. Digər prezidentliyə namizədlər İqbal Ağazadə (6), Qulamhüseyn Əlibəyli (2), Fazil Qəzənfəroğlu (2), Qüdrət Həsənquliyev (1) və Hafiz Hacıyev (3) haqqında isə ümumilikdə 14 yazı verilib. Seçkiləri boykot edən müxalifət və onların fəaliyyətinə 14 yazıda yer ayrılıb.
Montorinq müddətində Az.TV-nin “Xəbərlər”, Lider TV-nin isə “Səda” informasiya proqramlarında seçkiyə aid yalnız 3 süjet yayınlanıb. Bunlar da sadəcə texniki məsələlərə aid reportajlardır. İTV-də seçki xəbərlərinin sayı 5-dir. Bu həftə seçkilərə ən çox yer ayıran və balansı qorumağa çalışan isə ANS-dir. Bu kanal seçkilərlə bağlı cəmi 7 xəbər və sujet efirə verib.
Bu həftə də seçkilərə ən çox yer ayıran KİV-lər – “İki Sahil” qəzeti (58 yazı), “1news.az” saytı (7 yazı), ANS ( 7 sujet və xəbər) olub.
Qeyd edək ki, monitorinqçilər “Azərbaycan”, “İki Sahil”, “Yeni Azərbaycan” qəzetlərini hakimiyyət, “Yeni Müsavat”, “Azadlıq”, “Novoe Vremya” qəzetlərini müxalifət və “525-ci qəzet”, “Şərq”, “Zerkalo” isə müstəqil qəzetlər kimi tədqiq ediblər. Oktyabrın sonunadək davam edəcək monitorinq “mediaforum.az”, “lent.az” və “1news.az” internet saytlarını, AzTV, İTV, Lider TV və ANS telekanallarını da əhatə edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO