Bakıda cəbhə xəttindəki həyatdan bəhs edən fotosərgi keçirilir

Bakıda İçərişəhərdəki “Abşeron” Rəsm Qalereyasında “Sülhün təsviri” adlı fotosərginin rəsmi açılış mərasimi keçirilib.

Trend xəbər verir ki, sərgidə nümayiş olunan fotolar Dağlıq Qarabağ regionunda atəşkəs zamanı ön cəbhə xəttinin hər iki tərəfini təsvir edir. Təqdim olunan 80-ə yaxın fotoların Azərbaycan tərəfi əks etdirən nümunələrinin müəllifləri azərbaycanlı fotoqraflar Famil Mahmudbəyli və Əhməd Muxtardırlar.

Sərginin açılış mərasimində çıxış edən Dağlıq Qarabağ Münaqişəsinin Sülh Yolu ilə Həlli naminə Avropa Tərəfdaşlığı (EPNK) layihəsinin təmsilçisi və sərginin təşkilatçılarından biri Fidan Əzimova qeyd edib ki, layihənin məqsədi fotolar vasitəsilə nə müharibə, nə də sülhün olduğu və cəbhə xəttinə yaxın sərhəd ərazilərində yaşayan əhalinin sülhə ehtiyacını və həmçinin bu ərazilərdə real situasiyanı göstərməkdir: “Biz cəbhə xəttinin yaxınlığında və əks mövqedən 1 km. aralıda yaşayan insanların həyat tərzini, hər gün, hər saat və hər saniyə təhlükə ilə üz-üzə duran vətəndaşların gündəlik məişətinin obyektiv təsvirini sizə təqdim edirik”.

Layihənin digər təmsilçisi Tamerlan Məmmədov bildirib ki, bu layihə vasitəsilə onlar dinamik tərəfdaşlığın köməyi ilə bu nizamlanma prosesində qarşılıqlı anlaşma və istənilən münaqişənin davamlı və sülh yolu ilə həlli üçün əsas maddə-inam yaratmağa çalışırlar. Onun sözlərinə görə, “Münaqişə zamanı sülhü necə görürük?” və ya “müharibə olmasa sülh necə olacag?” suallarının cavabı sərgidə nümayiş olunan fotolarda və multimedia filmində tapmaq olar.

Açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, professor Rafiq Sadıqovun sözlərinə görə, bu fotoşəkillər bəlkə də bu münaqişənin həllinə təsir göstərə bilər: “Dağlıq Qarabağdakı hazırkı sülh çox kövrəkdir. Bu sülhə ləkə gətirən bir qarşı tərəf var. Lakin bu şəkillər hətta onlara da təsir edə bilər. Bəzən siyasətin bacarmadığını incəsənət edə bilir”.

Tədbirdə çıxış edən digər natiqlər isə qeyd etdilər ki, fotoşəkillərdə əks olunan epizodlar çox canlı və təsirli olmaları ilə yanaşı, hazırda cəbhə xəttində, güllə altında yaşayan insanların gündəlik həyatının gerçək üzünü təsvir edir. Onların fikrincə, hədə-qorxu, təhlükə altında yaşamalarına baxmayaraq, həmin insanlarda həyata bağlılıq və Vətən sevgisi çox böyükdür.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına müsbət təsir etmək üçün həyata keçirilən layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və CMI (Crisis Management İnitiative) beynəlxalq təşkilatının dəstəyi ilə həyata keçirilir.

Fotosərgi martın 16-dək saat 11:00-dən 20:00-dək davam edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO