Bakıda yerli özünüidarəetmənin inkişafına dair təlim-seminar keçirilir

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bələdiyyələrin rəhbər heyəti üçün təlim-seminar keçirilir.
Trend-in məlumatına görə, seminarın açılış mərasimində Azərbaycan Prezident Aministrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Türkiyənin Azərbaycandakı səfirinn müavini Meral Barlas və digər rəsmilər iştirak ediblər.
Seminarı giriş sözü ilə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov açaraq respublikamızda yerli özünüidarəetmənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət və ardıcıl tədbirlərin əhəmiyyətindən danışıb.
Rektor qeyd edib ki, Azərbaycanın davamlı inkişafa nail olması xalqımızın Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin adı ilə bağlıdır.
Ələkbərov ölkənin modernləşməsində, bu inkişafın yeni keyfiyyət mərhələsinə qədəm qoymasında Prezident İlham Əliyevin gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışıb, aparılan islahatların əsas məqsədinin çevik idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması və bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarət olduğunu bildirib.
Ələkbərov bu istiqamətdə atılan mühüm addımlardan birinin də yerli özünüidarəetmənin inkişafı sahəsində görülən işlər olduğunu qeyd edib. O deyib ki, məhz təşkil olunan seminarın məqsədi də davamlı insan inkişafı sahəsində həyata keçirilən milli srtategiyanın tərkib hissəsi olan idarəçilik üzrə həyata keçirilən islahatları təhlil etmək, yerli özünüidarəetmədə əldə olunan uğurları və gözləntiləri nəzərdən keçirmək, həmçinin inkişaf etmiş ölkələrin səmərəli təcrübəsinin tətbiqi imkanlarını və qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsini araşdırmaqdır.
Akademik qeyd edib ki, yerli özünüidarəetmə hər bir demokratik quruluşun əsas institutlarından birinə çevrilib və yerli özünüidarəetmənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərin əsasında, vətəndaşlara xidmətin yerli özünüidarəetmə qurumları vasitəsi ilə daha effektiv şəkildə verilməsinin təmini, informasiya kommunikasiya texnologiyalarının tətbiqi vasitəsi ilə yerli özünüidarəetmə qurumları resursları ilə sosial xidmətlərin göstərilməsi strategiyasının reallaşdırılması mexanizmləri, yerli özünüidarəetmənin demokratik inkişafa təsiri imkanları durur və seminarda bu və digər sahələri əhatə edən aktual mövzular ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.
Seminarın işində yerli mütəxəsislərlə yanaşı, Türkiyənin Daxili İşlər Nazirliyi, İnkişaf Nazirliyi, Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutu (TODAİE),Türkiyənin bələdiyyə idarəçiliyi sahəsində ixtisaslaşmış qurumlarının ekspertləri, eyni zamanda Türkiyənin aparıcı universitetinin mütəxəsisləri iştirak edirlər.
Seminar martın 4-dən 15-dək davam edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO