Bakıda İslam ölkələrinin gənc iş adamları arasında bir sıra sənədlər imzalanıb

İƏT Gənc İş Adamları Şəbəkəsi İdarə Heyətinin 3-cü iclası başa çatıb.
Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumundan Trend-ə daxil olan məlumata görə, bu gün Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) və Azərbaycan Gənc İş Adamları Şəbəkəsinin təşkilatıçılığı ilə Bakıda iki gün davam edən İslam Əməkdaşlıq Təşkilatı Gənc İş Adamları Şəbəkəsinin (İƏT GİŞ) İdarə Heyətinin (İH) 3-cü iclası başa çatıb.
Tədbirin birinci günü İƏT GİŞ-in Misir, Türkiyə, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və digər ölkələr üzrə təmsilçiləri öz ölkələrində son iki il ərzində həyata keçirilmiş layihələrlə bağlı çıxış ediblər.
İclas çərçivəsində Türkiyə, Azərbaycan və Rusiyanın gənc sahibkar təşkilatları arasında anlaşma memorandumları imzalanıb.
Göruşdə İƏT GİŞ-in Avrasiya üzrə regional əlaqələndiricisi Fərid Novruzi və Azərbaycan Beynalxalq Bankının İslam Bankçılığı departamentinin direktoru Bəhram Qurbanzadə qarşılıqlı razılaşma müqaviləsi imzalayıblar.
Tədbirin sonunda Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov təbrik nitqi ilə çıxış edərək İƏT GİŞ-in öz gələcək fəaliyyətində kreativ təşəbbüslərlə çıxış etməsini arzulayıb.
Tədbir zamanı biznesin təşviqi ilə bağlı regional və beynəlxalq təşəbbüslər, xüsusilə az inkişaf etmiş ölkələrdə gənc sahibkarlığın inkişafı və sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına dair məsələlər müzakirə olunub.
2011-ci ildə Bakı şəhərində təsis olunmuş DƏ-İKGF nəzdində fəaliyyət göstərən İƏT GİŞ İƏT ölkələrində fəaliyyət göstərən gənc iş adamları üçün birgə platforma rolunu oynayır. Bununla da onlar arasında biznes məlumat mübadiləsinə, iqtisadiyyatın inkişafına töhfə verən biznes fəaliyyətinin stimullaşdırılmasına, o cümlədən qlobal səviyyədə innovativ ideya və təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan yaradır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO