Bu gün “Ordu cəmiyyət əlaqələri: reallıqlar perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
Trend-in məlumatına görə, Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada son günlərdə sosial şəbəkələrdə, bəzi KİV-lərdə Azərbaycan Silahlı Qüvvələrinə qarşı qərəzli, həqiqətə uyğun olmayan kampaniya, Azərbaycan ordusu haqqında səsləndirilən həqiqətdən uzaq ittihamlar, Azərbaycan ordusu ilə cəmiyyət arasında bəzi qüvvələrin çaşqınlıq yaratmaq cəhdləri müzakirə olunub.
Tədbirdə Azərbaycanın qeyri-hökumət təşkilatları, ictimaiyyət nümayəndələri, gənclər təşkilatlarının nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emil Həsənli qeyd edib ki, bu gün Azərbaycanın inkişafını gözü götürməyən bəzi qüvvələr Azərbaycanda orduya getməyin təhlükəli olması barədə ictimaiyyət arasında rəy yaratmağa çalışırlar.
Həsənli bildirib ki, bu gün Azərbaycanı istəməyən qüvvələr Azərbaycan ordusu ilə cəmiyyət arasında çaşqınlıq yaratmağa çalışır.
Həsənlinin sözlərinə görə, Ermənistan və onun arxasında duran qüvvələr Azərbaycan ordusunun imicinə zərər vurmağa nə qədər maliyyə sərf edirlər.
“Lakin həmin qüvvələr bilməlidir ki, Azərbaycan əhalisi ilə ordunu qarşı-qarşıya qoymaq olmaz. Azərbaycanın güclü ordusu var. Biz Ermənistan kimi başqa ölkələrdən maliyyə gözləmirik, ordumuzun bütün təminatını öz gücümüzə həyata keçiririk”, – Həsənli deyib.
O vurğulayıb ki, ölkəmizin vətəndaşları olan bir qrup şəxslər düşmən qüvvələrin bizə olan bu münasibətlərindən yararlanaraq daim ölkəmizə qarşı qərəzli mövqedən yanaşır, böhtan xarakterli çıxışlar edir, şəxsi mənafelərini güdərək ordu quruculuğu işləri haqqında yalnış informasiya ötürərək ordumuzu aşağılamağa çalışırlar.
Yanvarın 12-də və martın 10-da keçirilən əsassız və icazəsiz mitinqlərin bunun bariz nümunəsi olduğunu deyən Həsənli qeyd edib ki, bu mitinqlər radikal müxalifətin ətrafında olan və həqiqətdən uzaq olan bir qrup gənc tərəfindən keçirilib.
“Onların səsləndirdiyi həqiqətdən uzaq ittihamlar bütünlükdə Azərbaycan Ordusunun əsgər və zabit heyətində və ordunu sevən, aparılan islahatları dəstəkləyən insanlarda təəssüf doğurur”, – Həsənli deyib.
Tədbirdə çıxış edən Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirli qeyd edib ki, son günlər Azərbaycana qarşı təxribatın yeni dalğası başlayıb.
O qeyd edib ki, Azərbaycanda maraqları olan bir çox dövlətlər Azərbaycana qarşı təxribatlarını Azərbaycanda olan bir sıra qüvvələr vasitəsilə həyata keçirməyə çalışırlar.
“Təssüflər olsun ki, gəncləri son günlər keçirilən dövlətçiliyimizə qarşı yönəlmiş piketlərə təhrik edən qüvvələr heç vaxt Azərbaycanın haqlı mövqeyini dəstəkləmək üçün heç bir beynəlxalq təşkilatın qarşısında piket təşkil etməyib. Onlar yalnız Azəbaycan ordusu ilə bağlı məkirli sifarişlər verirlər”,- Qədirli deyib.
O qeyd edib ki, bu qüvvələr gündən-günə Azərbaycannın gücləndiyini görür və ona görə də bu cür addımlar atmağa cəhd göstərirlər, çünki Azərbaycanın iqtisadi, siyası və digər sahələrdə inkişafı həmin qüvvələri narahat edir.
Qədirli həmçinin vurğulayıb ki, Azərbaycan xalqı hansısa bir dövlətin toruna düşmüş gəncləri heç vaxt bağışlamayacaq.
“Bü gün gənclər Azərbaycan ordusunun Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızın işğaldan azad olunması haqqında düşünməlidir”, – Qədirli deyib.
Tədbirdə digər çıxış edənlər də gəncləri Azərbaycanda öz maraqlarını həyata keçirmək istəyən qüvvələrin təhrikinə getməməyə çağırıb.
Bildiriblər ki, Azərbaycan ordusunda gedən islahatları əyani şəkildə görmək istəyən hər kəs bu proselə yaxından tanış olmaq imkanna malikdir. Ancaq baş verən ən kiçik detalın Azərbaycanı istəməyən qüvvələr tərəfindən qabardılaraq ictimaiyyətə təqdim olunması heç də düzgün addım deyil. Çünki ordu bizim hər birimizə məxsusdur. Buna görədə orduya şəxsi mənafedən deyil, xalqın mənafeyindən yanaşmaq lazımdır.