Baş nazirin müavini Əli Həsənov BMT rəsmisi ilə görüşüb

BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT-lər üzrə bölməsinin rəhbəri Andrey Abramov Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlunun dəvəti ilə Azərbaycanda səfərdədir. Bu gün o, BAMF sədri U.Rəhimoğlunun və fondun departament rəhbəri Nik Nvolisanın müşayiəti ilə Azərbaycan Respublikasının Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənovla görüşübdür. Bu barədə görüşdə iştirak edən U.Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, A.Abramovu və onları qəbul edən Ə.Həsənov Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində yaranmış problemlərin aradan qaldırılmasından, hökumətinin humanitar sahədə gördüyü işlərdən danışıb. Ə.Həsənov təmsil etdiyi dövlət qurumunun həmişə QHT-lərə dəstək verdiyini, bundan da sonra bu istiqamətdə bütün zəruri addımlar atacağını bildirib. A.Abramov sıx iş qrafikinə baxmayaraq, vaxt tapıb onları qəbul etdiyinə və səfərin daha da səmərəli olması üçün göstərdiyi bütün köməkliyə görə Ə.Həsənova öz təşəkkürünü bildirib. O, Ə.Həsənovu Azərbaycanın bu yaxınlarda BMT-nin Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi ilə bağlı təbrik edib: “Bu yaxınlarda ölkənizin BMT-nin Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi münasibəti ilə sizi təbrik edirəm! Bu, Azərbaycanın müstəqil bir dövlət olaraq dünya səviyyəsində özünü yenidən tanıtmasının bariz nümunəsidir!”

Ə.Həsənov bu uğurun Azərbaycan Prezidenti İlham Əliyevin apardığı ardıcıl və səmərəli işlərin nəticəsində əldə olduğunu bildirib. Cənab Abramov Ə.Həsənova Azərbaycana gəlişi, keçirdiyi müxtəlif görüşlər barədə ətraflı məlumat verib. O, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında, Azərbaycan Prezident Administrasiyasında, BMT-nin ölkəmizdəki nümayəndəliyində, Xarici İşlər, Gənclər və İdman nazirliklərində baş tutan görüşlərdən söz açıb.

Qonaq Azərbaycanda vətəndaş cəmiyyəti institutunun inkişafını və bu işdə dövlətin dəstəyini yüksək qiymətləndirdiyini deyib. O, humanitar sahədə BAMF-ın fəaliyyətini də xüsusi ilə qeyd edib. A.Abramov Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında müzakirələr zamanı Azərbaycanda gələn ilin əvvəlində gənclərin vətəndaş cəmiyyətinin inkişafında rolu ilə bağlı beynəlxalq konfrans keçirilməsi ideyasını da Ə.Həsənovun diqqətinə çatdırıb. Ə.Həsənov da öz növbəsində bunun yaxşı bir ideya olduğunu deyib və bununla bağlı köməklik etməyə hazır olduqlarını qeyd edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO