Azərbaycanın Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib

Ötən il Ermənistan hərbçilərinin hücumunu dəf edərkən şəhid olmuş hərbçilərimizin meyitlərinin uzun müddət qaytarılmaması ilə bağlı böyük ictimai rezonans doğurmuş hadisəni xatırladan Dövlət Komissiyasının sədri Eldar Mahmudov bildirib ki, bu, həmin ölkənin beynəlxalq humanitar hüquq normalarına əməl etmədiyini bir daha təsdiq edir.

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxan Bəyannaməsinə uyğun olaraq, noyabrın 6-da şəhid hərbçilərimizin meyitləri Ermənistandan alınıb.

İclasda qeyd olunub ki, 2010-cu il dekabrın 1-nə olan məlumata görə, 4048 nəfər itkin düşmüş, 1399 nəfər isə əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçib.

Komissiyada olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 923 nəfər barədə 1412 sorğu göndərilib. Komissiyada və BQXK-də itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 588 şəxslə bağlı cavablar təhlil edilib. İtkin düşmüş və əsirlikdən azad olunmuş şəxslərlə bağlı müxtəlif dövlət orqanlarından və beynəlxalq təşkilatlardan daxil olmuş 110 sorğu icra olunub.

Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı birgə səmərəli tədbirlərlə Ermənistan hərbçilərinin atəşi nəticəsində həlak olmuş Qazax rayon sakinləri – Həsən Hüseynov və Sakit Namazovun meyitləri 2010-cu il aprelin 3-də qarşı tərəfdən alınıb, 2008-ci il oktyabrın 8-də əsir götürülmüş Azərbaycan əsgəri Rafiq Həsənov isə 2010-cu il aprelin 7-də azad edilib. Hazırda Azərbaycan ərazisində cəmi 12 nəfər, o cümlədən 6 Ermənistan hərbçisi, 5 nəfərdən ibarət bir erməni ailəsi və bir erməni mülki şəxs saxlanılır. Həmin şəxslər BQXK-nın qeydiyyatındadırlar və mandatına uyğun olaraq bu təşkilat onlara istənilən vaxt baş çəkir. Eyni zamanda, Ermənistan tərəfdə saxlanılan iki hərbçimiz – Anar Hacıyev və Roman Hüseynovun azad olunması istiqamətində BQXK-nın vasitəçiliyi ilə müvafiq tədbirlər davam etdirilir.

Sonra BQXK ilə Dövlət Komissiyası arasında Komitə tərəfindən irəli sürülmüş “Ante Mortem/Post Mortem məlumat bazasının istifadəsi” üzrə proqram təminatı müqaviləsi imzalanıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO