Azərbaycanın mətbuat nümayəndələri Şimali Kiprdə görüşlər keçiriblər

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ardıcıl olaraq jurnalistlərin beynəlxalq təcrübəni öyrənməsi sahəsində layihə həyata keçirir.

Fonddan Trend-ə daxil olan məlumata görə, layihə çərçivəsində növbəti səfər Şimali Kipr Türk Respublikasına təşkil olunub. Nümayəndə heyətinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Milli Televiziya ve Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, millət vəkili, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, “Azadlıq” qəzetinin məsul katibi Elşən Şirinov, “Dialoq Avrasya” jurnalının Azərbaycan üzrə koordinatoru Mustafa Saatcı daxildir.

Nümayəndə heyətinin ilk görüşü Şimali Kipr Türk Respublikasının Baş naziri İrsen Küçüklə olub. Görüşdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycanda mətbuatın inkişafına dövlət dəstəyi məqsədilə yaradılıb. Azərbaycan media təmsilçilərinin beynəlxalq təcrübəni öyrənməsi də bu sahədə atılan addımlardan biridir.
Baş nazir İrsen Küçük Azərbaycandan belə bir nümayəndə heyətinin gəlməsindən məmnunluğunu bildirib və bu cür görüşlərin, qarşılıqlı əlaqələrin daha da güclənməsinə xidmət etdiyini söyləyib.
Növbəti görüş Şimali Kipr Türk Respublikasının Prezidenti Derviş Eroğlu ilə olub. Eroğlu bildirib ki, qardaş xalqlar arasında səfərlərin çoxalması onların bir-birini tanımasına, təcrübələrini bölüşməsinə imkan yaradır.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli Azərbaycanla Şimali Kipr arasında turizm və təshil sahəsində əlaqələrin daha da gücləndiyini qeyd edib: “Ümidvarıq ki, bu cür görüşlər əlaqələrimizi daha da gücləndirəcək”.
Qeyd edək ki, səfər çərçivəsində Şimali Kiprin xarici işlər naziri Hüseyn Özgürgün ilə də görüş keçirilib.
Nümayəndə heyəti keçirdiyi bütün görüşlərdə qarşı tərəfə xatirə hədiyyələri təqdim edib.
Səfər davam edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO