Azərbaycanın daxili işlər naziri 2 aprel mitinqinə münasibət bildirib

“Şəhər İcra hakimiyyəti ilə razılaşdırmadan paytaxtın mərkəzi küçə və meydanlarında qanunsuz aksiya keçirmək və polis əməkdaşları ilə bilərəkdən qarşıdurmaya getməklə ictimai asayişi, sabitliyi pozmaq niyyəti güdən bəzi radikal müxalifət partiyaları və ayrı-ayrı təşkilatların sonuncu mitinq cəhdi həmin aksiyaların təşkilatçılarının cəmiyyətdə heç bir sosial bazaya malik olmadığını bir daha göstərdi”.

Bu sözləri daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili İşlər Nazirliyində bu gün keçirilmiş kollegiya iclasında deyib.

Nazir baş verənlərin ölkə vətəndaşlarının mütləq əksəriyyətinin prezidentin ətrafında sıx birləşdiyini, onun məqsədyönlü, uğurlu daxili və xarici siyasət kursunu tam dəstəklədiyini bir daha təsdiqləndiyini vurğulayıb: “Ölkəmizdə dayanıqlı sabitlik, əmin-amanlıq təkcə vətəndaşların təhlükəsiz şəraitdə yaşamaları üçün deyil, həm də gənc dövlətimiz qarşısında duran ümummilli məsələlərin və mənafelərin həlli üçün də böyük önəm daşıyır. Ulu öndər Heydər Əliyevin titanik səyləri, böyük zəhməti və əziyyətləri hesabına parçalanmaqdan qoruduğu və yenidən qurduğu müstəqil Azərbaycanı kimlərinsə xaos və anarxiya girdabına yuvarlamasına, respublikamızda qarşıdurma yaratmasına imkan verilməyəcək, bunun üçün hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının bütün zəruri tədbirləri görəcək”.

Nazir əmin olduğunu bildirib ki, şəxsi heyət prezident İ. Əliyevin qarşıya qoyduğu bütün vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək, sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO