Azərbaycanın Dağlıq Qarabağ üzrə mövqeyi bir daha BMT-nin diqqətinə çatdırılıb

Çərşənbə axşamı BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində Sosial, humanitar və mədəni məsələlər üzrə Komitədə (Baş Assambleyanın Üçüncü Komitəsi) gündəliyin “Xalqların öz müqəddəratını təyinetmə hüququ” adlı bəndi üzrə müzakirələr keçilmişdir. Bu barədə Trend-ə Azərbaycanın BMT yanında daimi nümayəndəlikdən məlumat verilib. Azərbaycan adından edilmiş çıxışda ümumi məqamlar və normativ əsaslarla yanaşı, xalqların öz müqəddəratını təyinetmə hüququnun qeyri-düzgün və kobud təfsiri hallarına rast gəlindiyi qeyd edilmişdir. Bunun bariz nümunəsi kimi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı, gücdən istifadə etmə və etnik təmizləməni həyata keçirməsinə bəraət qazandırmaq üçün xalqların öz müqəddəratını təyinetmə hüququna istinad etməsinin qəbuledilməz olması bildirilmişdir. Bu cür mövqenin beynəlxalq hüquqa və məsələ üzrə davam edən siyasi danışıqlar prosesinə zidd olması bildirilmişdir.
Çıxış edən üzv dövlətlər sırasında xalqların öz müqəddəratını təyinetmə hüququnu birtərəfli ayrılma kimi təfsir edən yeganə dövlət növbəti dəfə Ermənistan oldu. Azərbaycana qarşı ərazi iddialarını bildirən Ermənistanın BMT yanında Daimi nümayəndəsi öz ölkəsinin BMT Nizamnaməsi və beynəlxalq hüquqa qarşı açıq-aşkar hörmətsiz yanaşmasını nümayiş etdirdi. Bu cür təcavüzkar, qeyri-konstriktiv və məntiqsiz mövqe iclasda iştirak etmiş bir çıx üzv dövlətlərin əsaslı narazılığına səbəb oldu. Məhz bu səbəbdən və Azərbaycan tərəfinin cavab çıxışında rəsmi İrəvanın uydurmalarını ifşa ediləcəyinə əmin olan Ermənistanın səfiri iclas zalını dərhal tərk etdi.
Azərbaycanın cavab çıxışında, müharibənin başlamasına görə məhz Ermənistanın məsuliyyət daşıması, həmin müharibə zamanı onun tərəfindən müxtəlif ciddi xarakterli beynəlxalq cinayətlərin törədilməsi və bu faktları əsaslı dəlillərin sübuta yetirdiyi diqqətə çatdırılmışdır. Həmçinin, Ermənistanın iddia etdiyi “öz müqəddəratını təyinetmə hüququ”nun BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası, eləcə də digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı qanunsuz gücdən tətbiq etmək kimi qiymətləndirildiyi xüsusilə vurğulanmışdır.
Azərbaycan nümayəndəsi Ermənistanın siyasətinin regional və beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaratdığını və ölkəmizin ərazilərinin işğalına, eləcə də etnik ədavətə və qonşu ölkələrə qarşı ərazi iddialarına son qoyması və bütün region dövlətləri ilə sivil münasibətlər qurmasına məcbur olacağına əmin olduğunu bildirdi.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO