Azərbaycanda zərgərlik məmulatlarının istehsalı və satışı üçün lisenziyalar elektron qaydada veriləcək

Bundan sonra Azərbaycanda zərgərlik məmulatlarının istehsalı və satışı ilə məşğul olmaq istəyənlər lisenziyanı elektron qaydada ala biləcəklər. Maliyyə Nazirliyi qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və istifadəsi, dövriyyəsi fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciət və sənədlərin qəbulu üzrə inzibati reqlamenti təsdiqləyib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, reqlamentə əsasən, lisenziya almaq istəyən şəxs elektron xidmətin təqdim edildiyi internet ünvanından (www.maliyye.gov.az və ya www.eyar.maliyye.gov.az) ərizə formasını yükləyir və tələb olunan əlavə sənədlərin skan edilmiş surətlərini ərizəyə əlavə edərək elektron ünvana ([email protected]) göndərməlidir.

Sorğu elektron xidmətlər bölməsinə daxil olduğu tarixdə Nazirliyin informasiya sistemində qeydiyyata düşür və sənədin qəbul edildiyi barədə ərizəçiyə bildiriş göndərilir.

Qeyd edək ki, qiymətli metalların və daşların istehsalına (qiymətli metalların filizlərdən, konsentratlardan alınması) lisenziya üçün dövlət rüsumu 5000 manat, emalı və istifadəsi (qiymətli metallardan və qiymətli daşlardan məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının hazırlanması və təmiri) üçün dövlət rüsumu 500 manat, dövriyyəsi (qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının topdan və pərakəndə satışı, əhalidən satın alınması) üçün dövlət rüsumu 550 manat təşkil edir.

Lisenziya almaq istəyən şəxs buna görə dövlət rüsumunu nağd və ya köçürmə üsulu ilə həyata keçirir və ödənişi təsdiq edən sənədin surəti skan edilərək göndərilir.

Reqlamentə əsasən, Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətində nazirliyin aidiyyəti struktur bölməsi ilə birlikdə sorğuya və ona əlavə edilən sənədlərə baxılır, aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Lisenziya verilməsindən imtina edildikdə, bu barədə ərizəçiyə əsaslandırılmış yazılı məlumat verilir, imtina üçün əsaslar olmadıqda lisenziya verilməsi haqqında qərar qəbul olunur.

Xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edildikdə lisenziya blankı rəsmiləşdirilərək birbaşa və ya poçt rabitəsi vasitəsilə istifadəçiyə təqdim olunur, həmçinin skan edilməklə elektron formada istifadəçiyə göndərilir.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO