Azərbaycanda xütbə oxuma qaydaları üzrə kursların təşkili nəzərdə tutulur


Azərbaycanda xütbə oxuma qaydalarının öyrədilməsi məqsədilə kurslar təşkil oluna bilər. Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə axund və imamlar üçün “Xütbə nümunələri” adlı kitabın təqdimat mərasimində çıxışı zamanı deyib.

QMİ sədri deyib ki, hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə xütbə oxuma qaydalarının öyrədilməsi məqsədilə kursların təşkil oluhmasına dair müzakirələr gedir.

Paşazadənin sözlərinə görə, oxunan moizələrlə bağlı məscidlərdən idarəyə çoxlu şikayət gəlir.

Şeyxin sözlərinə görə, şikayətlərdə, əsasən, məscidlərdə oxunan moizələrdə təkrarçılığa, qəm-qüssəyə, ağlaşmaya daha çox yol verildiyi bildirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov isə çıxışında xütbə oxuma qaydalarının öyrədilməsi məqsədilə kursların təşkil oluhmasına dair təklifi müsbət qarşıladığını və təqdim olunan kitabın bu istiqamətdə dərslik vəsaiti kimi istifadə edilə biləcəyini açıqlayıb.

Onun sözlərinə görə, dövlət məscid və icmalarda xütbələrin oxunması üçün lazımi şəraiti yaradıb.

“Cümə günü on minlərlə, bayram günləri yüz minlərlə insan məscidlərdə ibadət edir. Bu, böyük bir auditoriyadır. Heç qəzet və jurnalın belə bir auditoriyası yoxdur. Bu həm də onu göstərir ki, axund və imamlar insanlar qarşısında böyük məsuliyyət daşıyırlar”, – İskəndərov vurğulayıb.

Kitabın çapını əhəmiyyətli hal adlandıran komitə sədri onun peşəkarlıq baxımından gözəl hazırlandığını qeyd edib.

Onun sözlərinə görə, kitabdakı xütbələrdə ictimai və dini məsələlərin sintezi yer alıb. Kitabın ana xəttini isə vətənpərvərlik məsələləri təşkil edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO