Azərbaycanda Vəkillər Kollegiyasına keçirilən qəbul imtahanları şəffaf deyil

Almaniyalı ekspert Tomas Herman hesab edir ki, Azərbaycanda Vəkillər Kollegiyasına keçirilən qəbul imtahanları çox da şəffaf deyil.
Bu haqda Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) “Azərbaycanda hüquq və məhkəmə islahatları”na dair hüquqi məsləhət layihəsinin 10 illiyi ilə bağlı keçirilən tədbirdəki çıxışında layihənin rəhbəri Herman bildirib.
Layihə rəhbəri deyib ki, Vəkillər Kollegiyası beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı deyil. Əhalinin ədalət mühakiməsinə çatımlılığında və keyfiyyətli hüquqi yardım göstərilməsində peşəkar vəkillərin rolunun əvəzsiz olduğunu deyən Herman qeyd edib ki, Azərbaycanda əhalinin hər yüz min nəfərinə 5 vəkil düşür.

Amaniyalı ekspertin qənaətincə, ədalətli və obyektiv məhkəmə qərarının qəbul edilməsində peşəkar vəkillərin rolu var. “Azərbaycanda vəkillər hakimlərə keyfiyyətli məhkəmə qərarı qəbulunda kömək edə bilmirlər. Çox vaxt proseslərdə tərəflər keyfiyyətsiz vəkil yardımı ilə üzləşməli olur”, – deyə Herman vurğulayıb.

Vəkillər Kollegiyasına üzvlük üçün sonuncu müsabiqə ötən il keçirilib və müvəffəqiyyət qazanmış 241 namizəd vəkilliyə qəbul olunub. Bu müsabiqədən sonra Azərbaycanda vəkillərin sayı 750 nəfərə çatdırılıb. Azərbaycan vəkillərin sayına görə, Avropa ölkələri sırasında sonuncu yerlərdə durur.
Yubiley tədbirində ədliyyə nazirinin müavini Toğrul Musayev, Konstitutsiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclis Aparatının sədri Səfa Mirzəyev çıxış edərək Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin 10 il ərzində Azərbaycanda məhkəmə və hüquq islahatlarının keçirilməsində dəstək göstərdiyini vurğulayıblar. Rəsmilər qeyd edib ki, Cəmiyyətin Azərbaycanın mülki, mülki-prosessual, inzibati qanunvericiliyinin hazırlanmasında, hakimlərin, ədliyyə işçilərinin bu sahələr üzrə ixtisasının artırılmasında, cəmiyyətin hüquq mədəniyyətinin inkişafında və hüquqi maariflənməsində böyük əməyi olub.
GTZ 1998-ci ildən indiyədək Müli Məcəllənin, Müli-Prosessual Məcəllənin, Beynəlxalq Xüsusi Hüquq haqqında, Beynəlxalq Arbitraj haqqında, Vəkillər və Vəkillik haqqında, İnzibati İcraat haqqında qanunların hazırlanmasında iştirak edib.
Layihənin rəhbəri Hermanın səlahiyyəti bu il başa çatır. Hazırda layihəyə yeni rəhbərin seçimi aparılır.
GTZ bu layihə çərçivəsində Azərbaycanla əməkdaşlığını davam etdirəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO