Azərbaycanda aprelin 16-dan davam edən soyuq hava şəraitindən sonra aprelin 19-da hava şəraiti nisbətən yaxşılaşacaq. Lakin aprelin III ongünlüyünün birinci yarısında, yəni aprelin 20-dən 24-dək ölkə ərazisində hava şəraiti yenidən dəyişəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə axşamı Trend-ə verilən məlumata görə, ölkə ərazisindən Aralıq dənizi siklonlarının keçməsi ilə əlaqədar hava şəraiti yenidən qeyri-sabit keçəcək.
Qeyd edilən müddətdə respublikanın rayonlarında fasiələrlə yağışlı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı bölgələrdə yağıntıların bir qədər intensiv olacağı ehtimalı var. Yüksək dağlıq ərazilərdə yağıntıların sulu qarla müşahidə olunacağı gözlənilir.
Aprelin 20-dən 24-dək Bakıda və Abşeron yarımadasında daha cox tutqun hava şəraitinin müşahidə olunacağı gözlənilir. Paytaxtda da fasilərlə yağış yağacağı proqnozlaşdırılır.
Ötən günlərdə Azərbaycanda müşahidə olunan hava şəraiti ilə müqayisədə bu dəfə Abbşeron yarımadasında küləyin güclənməsi gözlənilmir.
Havanın temperaturu da aprelin 17-si və 18-i ilə müqayisədə 2-3 dərəcə yüksək olacaq. Ancaq hazırda havanın temperaturu iqlim normasından 3 dərəcə aşağıdır. Ona görə də aprelin 20-dən 24-dək Abşeron yarımadasında bu günlərə nisbətən mülayim hava şəraiti müşahidə ediləcək.
Departamentdən bildirilib ki, adətən yazda dəyişkən hava şəraiti müşahidə edilir. Ancaq bu dəfə qeyri-sabit hava şəraiti daha uzun müddət davam edir.
Türkiyədə fəallaşan Aralıq dənizi siklonları Azərbaycanda da hava şəraitinə fasiələrlə öz təsirini göstərir.