Azərbaycanda əsəb pozğunluğu və aqressivlik törədilən cinayətlərin motivini dəyişdirib

Son illər Azərbaycanda törədilən cinayətlərin motivi dəyişib. Mətbuatın, televiziyaların gündəlik xəbərləri sırasında bu qəbildən olan məlumatlar çoxluq təşkil edir. Mətbuatın gündəlik məlumatlarından ən azı 5-6-sı sağlamlıq əleyhinə törədilən və məişət zorakılığı ilə bağlı xəbərlərdir. Həm də baş verən cinayətlərin, xüsusilə amansızlıqla törədilməsinin şahidi oluruq. İndi qardaşın qardaşı, övladın ananı, arvadın ərini, qayınatanın gəlini öldürməsi, başını kəsməsi, zorlaması və.s faktlara daha tez-tez rast gəlinir. Ekspertlər hesab edir ki, son illər bu qəbildən olan cinayətlər çoxalıb. Bir qism isə bu fikirdədir ki, əvvəllər də bu qəbildən olan cinayətlər çox olub. Sadəcə, həmin faktlar gizlədilib, mətbuata yol tapa bilməyib.

Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə çərşənbə axşamı Trend News-a bildirib ki, bu ilin 6 ayında respublikada məhkəmələr tərəfindən 6 667 nəfər müxtəlif cinayətlərə görə məhkum olunub. Onlardan 1407-si həyat və sağlamlıq əleyhinə cinayət törədib (ötən ilin 6 ayında bu göstərici 1357 olub). Bu ilin 6 ayında qəsdən adamöldürmə cinayəti üzrə məhkum olunanlar 8 (110 nəfər), cinsi azadlıq əleyhinə cinayətlərə görə məhkum olunanlar 25 (87 nəfər) nəfər artıb.

Ağazadə deyir ki, digər MDB ölkələri ilə müqayisədə Azərbaycanda adambaşına düşən ağır cinayətlərin sayı az, açılma faizi isə çoxdur. Ali Məhkəmənin hakimi respublikada cinayətlərin sayının azlığını milli xüsusiyyətlərlə əlaqələndirir. Hakim bildirib ki, bizdə qohumluq əlaqələrinə hörmət, ailəyə bağlılıq yüksək olduğundan, bu qəbildən olan cinayətlər çoxluq təşkil etmir. Ağazadə respublikada ailə-məişət zəminində törədilən cinayətlərin sayının artmasını sosial problemlərlə – işsizlik, yoxsulluq ilə əlaqələndirir.

Respublikanın baş psixiatrı Gəray Gəraybəyli Trend News-a açıqlamasında bu cinayətlərin statistikasını aparmadan onların artan dinamika ilə inkişafını söyləməyi qeyri-mümkün hesab edir. Baş psixiatr deyir ki, bu qəbildən olan cinayətlərin baş vermə səbəbləri sırasında birinci yeri cəmiyyətdəki aqressivlik tutur.

“Bir necə gün öncə üç yeniyetmənin söhbətinin şahidi oldum. Onlardan biri televiziyada izlədiyi qaydasız döyüş barədə danışırdı. Onların söhbətini eşitməyən biri kənardan müşahidə etsəydi yeniyetmələrin xoş, ürəkaçan nəsə bir mövzu barədə danışdığını hesab edərdi. Amma yeniyetmə döyüş zamanı döyüşənlərdən birinin digərini necə döydüyünü, başını partlatdığını, al-qana qərq etdiyini danışırdı. Digərlərinin üzündə elə bir ifadə vardlı ki, sanki həmin döyüşü izləməmələrinə peşiman idilər. Yeniyetmələrdə aqressivlik o qedər yüksək həddədir ki, kimisə vurmaq, xəsarət yetirmək haqqında sakit danışırlar”, – deyə Gəraybəyli bildirib.

Baş psixiatr idmana gedən usaqlar arasında kiçik bir araşdırma apardığını və uşaqların əksəriyyətinin idmanın döyüş növlərinə üstünlük verdiyini deyir. Gəraybəylinin sözlərinə görə, bu hal insanların aqressivliyə meyilliliyi ilə əlaqədardır. Baş psixiatrın qənaətincə, televiziyalarda nümayiş olunan filmlər də insanlarda aqressivliyi inkişaf etdirir. “Televiziyalarda nümayiş olunan 10 kinodan 8-də döyüş, zor, işgəncə səhnələri, gücün zoruna qalib olmaq səhnələri nümayis edilir. Bu filmlər də insanlarda aqressivliyi inkişaf etdirir”, – o deyib.

“Belə filmlərdə adam öldürən, qan tökən, fiziki gücü olan qəhrəmanlar müsbət xarakterizə olunur. Şəxsiyyətində qüsur olan insanlar da özünü realizə etmək üçün bu hissləri keçirməyə meyilli olurlar. Onda, belə şəxslərin istəkləri rellığa çevrilir və konkret hərəkətlərdə özünü göstərir”, – deyə Gəraybəyli vurğulayıb.

Gəraybəyli deyir ki, əgər yeniyetmələrdə, gənclərdə aqressivliyin səviyyəsi artırsa, onda cinayətə meyilli şəxslərdə aqressivlik daha kəskin şəkil alır. Bu səbəbdən də cinayətin edilmə üsulları daha da qəddarlaşır. Baş psixiatr insanlar arasında xos münasibət, qayğıkeşlik, mərhəmət hisslərininn arxa plana keçməsindən təəssüflənir. O, aqressivliyin artmasını sosial problemlərlə əlaqələndirməyi düzgün hesab etmir. “Problemin kökləri dərindir. Hesab edirəm bu problem tərbiyə, yeniyetmələrə az diqqət yetirilməsi ilə bağlıdır. Həmçinin cəmiyyətdə güc amili dəbdədir. Sanki hər kəs problemini güc yolu ilə həll etmək istəyir”, – deyə baş psixiatr vurğulayıb.

Gəraybəyli son illər ailədaxili münaqişələrin artması ilə bağlı fikirləri də real saymır. Onun fikrincə, bu qəbildən olan cianyətlərin nə əvvəl, nə də indi statistikasının aparılması mümkün deyil. Onun fikrincə, bu problemin aktuallaşmasının səbəbi ailə daxilindəki münasibətlərə işıq salınması, problemin qabardılması ilə bağlıdır. Ona görə də bizə elə gəlir ki, belə cinayətlər artıb. Həkim ailədaxili zorakılığı normal hal kimi qəbul edilməsi ilə bağlı ümumi bir fikirin formalaşmasından təəssüflənir.

“Çoxunda belə bir fikir formalaşıb ki, kişi arvadını döyə bilər, qadını döymək lazımdı və s. Bu problemin həlli yolları hüquqi maarifləndirmədi. Ailədə hər kəs oz hüquq və vəzifələrini bilməlidir. Qadın ona verilən işgəncəyə, zorakılığa dözmək məcburiyyətində deyil. Onlar hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Belə olmazsa, sonda bu hal həmin ailədə cinayətə, faciəyə gətirib cıxara bilər”, – Gəraybəyli bu fikirdədir.

Hüquqşünas, ekspert Xanlar Ələkbərov isə məişət zorakılığı, xüsusi amansızlıqla törədilən cinayətlərin artdığını deyir. Onun fikrincə, digər cinayətlərin qarşısını əvvəlcədən almaq mümkün olsa da, məişət zorakılığının qarşısını almaq, ona nəzarət etmək mümkünsüzdür.

Ələkbərovun fikrincə, cəmiyyətdəki problemlər, ətrafımızda insanın əsəbinə təsir edən bütün özbaşnalıqlar insanların əsəb sistemini pozur. “Cəmiyyətdə əsəb sistemimizə təsir edən problemlər – marsrutdakı, yollardakı tıxaclar, siqnallar, səs-küy və s. çoxdur. Bunlar da gün ərzində yığılır və adi bir bəhanədən partlayır, sonunda da cinayət baş verir”, – ekspert vurğulayıb.

Ekspert ailədaxilindəki cinayətlərin əsas səbəbinin fahişəlik, qısqanclıqla bağlı olduğunu bildirir. Ələkbərov deyir ki, son 20 ildə fahişəliyin çəkisi artıb. Bu isə ailələrə təsirsiz ötüşmür.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO