Azərbaycanda qiyabi təhsil almaq istəyənlərin sayı azalıb

Azərbaycanda bu tədris ilində qiyabi təhsil üzrə qəbul potensialının ötən dərs ili ilə müqayisədə 3,67 dəfə böyük olmasına baxmayaraq, qiyabi təhsilalma forması üzrə qəbul olanların sayı müəyyən qədər azalıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından çərşənbıə axşamı Trend-ə verilən məlumata görə, 2012-ci ildə ilk dəfə olaraq abituriyentlərə təhsilalma formasını (əyani və ya qiyabi) sərbəst seçmək imkanı yaradılıb. Belə ki, abituriyentlər qəbul olduqları təhsil müəssisələrində qeydiyyatdan keçərkən istədikləri təhsilalma formasını (əyani və ya qiyabi) sərbəst seçə biliblər. Nəticədə qiyabi təhsilalma forması üzrə qəbul olanların sayı azalıb.
Ötən il bu cür seçim imkanı olmadığı üçün qəbul olanların 12,2 faizi qiyabi formada təhsil verilən ixtisasları seçiblər. Bu il isə qiyabi təhsil almağa üstünlük verənlər qəbul olanların yalnız 6,7 faizini təşkil edib.
Təhsilalma forması üzrə ən böyük dəyişiklik II ixtisas qrupunda baş verib. Belə ki, 2011-ci ildə qəbul olan abituriyentlərin 13,86 faizi qiyabi təhsil verilən ixtisasları seçmişdilərsə, 2012-ci ildə qəbul olan abituriyentlərin yalnız 5,93 faizi təhsilalma formasının seçimi üçün verilən imkandan yararlanaraq qiyabi təhsil almaq istədiyini bildirib.
Təhsilalma forması üzrə ən az dəyişiklik isə I ixtisas qrupunda baş verib və göstərici 9,03 faizdən 6,20 faizə düşüb. Bu il qiyabi təhsilalma formasına ən çox IV ixtisas qrupunun abituriyentləri üstünlük veriblər. Belə ki, qəbul olan abituriyentlərin 8,10 faizi (301 nəfəri) qiyabi formada təhsil almaq istəyini bildirib. Onların 162 nəfəri xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olanlardır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO