Azərbaycanda kənar yerlərə zibil atanları cəzalandıracaq qanun qüvvəyə minib.

Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı qanunun tətbiqi barədə fərman imzalayıb. Trend-in məlumatına görə, yeni əlavə və dəyişikliklər məişət tullantılarının kənar yerlərə atılması və piyadalar tərəfindən bəzi yol hərəkəti qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsi ilə bağlıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılmasına görə fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunacaqlar.
Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 1000 manat cərimə olunacaqlar.
Dəyişikliklərə əsasən, zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılması və ya basdırılması qadağandır. Həmçinin, şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır.
Piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə də cərimə tətbiq edilib. Dəyişikliyə əsasən, bu cür qanun pozuntusuna görə 20 manat cərimə tətbiq olunacaq (hazırda bu məbləğ 10 manatdır).
Nazirlər Kabinetinə üç ay müddətində qanunların və Prezidentin aktlarının həmin qanuna uyğunlaşdırılması barədə təkliflər hazırlamaq və Prezidentə təqdim etmək tapşırılıb.
Üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılması təmin edilməlidir.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO