Azərbaycanda Xıllı Nərə Balıqartırma zavodunda ilk dəfə olaraq süni yolla kürü yetişdirilib. Əməliyyat cərrahiyyə üsulu ilə aparıldığından balıqlar sağ qalıb və gələcəkdə onlardan yeni kürü alınmasında istifadə olunacaq.
Trend-in məlumatına görə, zavodda yetişdirilən törədici döllük səviyyəsinə çatdırılmış 7-8 yaşlı 2 dişi nərə balığından süni yolla 250 min ədədə yaxın kürü alınıb. Süni yolla alınmış kürülər eyni üsulla yetişdirilmiş 2 erkək nərə balığının mayası ilə mayalandırılaraq inkubasiya aparatlarına yerləşdirilib və bundan 200 mindən çox sürfə alınacağı gözlənilir.
Zavodun direktoru Zaur Salmanov bildirib ki, kürülərin alınması cərrahiyyə üsulu ilə həyata keçirilib: “Bu il bizdə əlamətdar hadisə baş verib. Belə ki, təmiz törədici fondu təşkil edən balıqlardan Azərbaycanda ilk dəfə olaraq süni yolla kürü almışıq. Bu məsələdə ikinci əlamətdar hal odur ki, aldığımız kürünü törədiciləri öldürmədən, yəni onları cərrahiyyə əməliyyatı edərək əldə etmişik. Həmin törədici balıqlar hazırda sağ-salamat zavodda saxlanılır”.
Təbiətdə nərə balıqlarının sayının xeyli azalması süni balıqartırma zavodlarında döllük balıqların tədarük edilməsində çətinliklərin yaranmasına səbəb olur. Ona görə də süni yolla nərə kürüsünün alınmasına başlanılması mühüm əhəmiyyət kəsb edir. Hazırda zavodda 4 minə yaxın 1-9 yaş arası süni yolla alınmış törədici döllük nərə balıqları bəslənilir.
Qeyd edək ki, dünyada nərə balıq ehtiyatlarının 80%-i Xəzər dənizindədir.