Azərbaycanda dövlət sosial yardım sistemində növbəti təkmilləşdirmələr aparılacaq

Dövlət sosial yardım sisteminin təşkmilləşdirilməsi, o cümlədən birdəfəlik ünvanlı sosial yardım – “Özünədəstək” proqramının qanunvericilikdə təsbit olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi hazırlanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, layihədə aztəminatlı ailələrin potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri və gəlirlərini artırmaları, beləliklə, dövlətin sosial yardımından asılılığının aradan qaldırılmasına şərait yaradılması üçün onlara aktiv formada dəstək verilməsi məqsədilə birdəfəlik ünvanlı sosial yardım – “Özünədəstək” proqramının icrası nəzərdə tutulur.
Bununla bağlı olaraq, layihə sənədində birdəfəlik ünvanlı sosial yardım almaq hüququna malik ailələrin sayı, həmin yardımın təyin olunması və verilməsinin hüquqi əsasları müəyyən edilib.
Qeyd edək ki, “Özünədəstək” proqramının sınaq işlərinə 2011-ci ilin aprelində Tovuz rayonunun Vahidli kəndində başlanılıb və ötən müddətdə artıq 13 rayon üzrə 281 ailə bu layihəyə cəlb edilib. Ötən ilin sonunda aparılan monitorinqin nəticələrinə görə, proqrama cəlb edilmiş ailələrin 96%-nin gəlirlərində artım baş verib və onlar artıq reabilitasiya olunublar.
Qanun layihəsində ailə tərkibi və əmlak vəziyyətində ünvanlı yardım almaq hüququna təsir edəcək dəyişikliklər gözlənilməyən ailələrə bu yardımların təyinat müddətinin iki, yaxud daha uzun müddətə uzadılması əksini tapıb. Bu dəyişiklik həmin vətəndaşların təkrarən ünvanlı yardım üçün hər il yenidən sənədlər toplamadan uzunmüddətli yardımla təmin edilmələrinə, eyni zamanda məmur-vətəndaş münasibətlərinin daha da azalmasına, şəffaflığın artırılmasına şərait yaradılması məqsədinə xidmət edir.
Qanun layihəsi aidiyyəti təşkilatlarla razılaşdırılıb və yaxın zamanlarda Nazirlər Kabinetinə təqdim olunacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO