Azərbaycanda ATƏT və Mətbuat Şurası birgə “dəyirmi masa ” keçirib

Azərbaycan Mətbuat Şurası ATƏT-lə birgə çərşənbə günü “Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları”na dəyişikliklərin müzakirəsinə həsr olunmuş “dəyirmi masa” keçirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bəzi internet-saytlarda, qazetlərdə təqsirsizlik prezumsiyasının pozulması müşahidə olunur. “Mətbuatda həddi-büluğa çatmamış uşaqların, seksual təcavüzlə üzləşən insanların kimliyinin qorunmaması halları yer alır”, – Amaşov bildirib.

Dəyişikliklərdə qeyd olunur ki, jurnalistlər cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidirlər.

Həmçinin, cinayət əməli törətməsi ilə bağlı şəxsə qarşı ittiham irəli sürülmüşsə, bu mövzuda məhkəmənin obyektivliyinə təsir göstərəcək reportajlar hazırlanmamalıdır. Digər tərəfdən, jurnalist və redaksiya terror hadisəsini şişirdən, terrorçuların məqsədinə xidmət edən vahimə effekti yaradan, terror hərəkətlərinə bəraət qazandıran reportajlar verməməlidirlər.

“Dəyirmi masa”da MŞ üzvü Yunus Oğuz bildirib ki, Parlament seçkiləri yaxınlaşdıqca, KİV-də “qara piar”a tez-tez rast gəlmək olur. “ATƏT və Mətbuat Şurası birgə bunun qarşısının alınması istiqamətində fəaliyyət göstərməlidir”, – o bildirib.

Amaşovun sözlərinə görə, “dəyirmi masa” sentyabrın 6-da Mətbuat Şurasının ATƏT-lə mətbuatın özünütənzimləməsi ilə bağlı konfransa hazırlıq məqsədi ilə keçirilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO