Azərbaycanda adlar və soyadlarla bağlı ayrıca qanun qəbul edilə bilər

Azərbaycanda adlar və soyadlarla bağlı ayrıca qanun qəbul edilə bilər Bunu jurnalistlərə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib. Onun sözlərinə görə, çünki ad, soyad, ata adı məsələləri yalnız sərəncamla həll oluna bilməz. Komitə sədri deyib ki, tezliklə soyad sonluqları ilə bağlı məsələ tam şəkildə öz qanuni həllini tapacaq. Hazırda bununla bağlı NK-də sürətlə iş aparılır. Nizami Cəfərov bildirib ki, hazırda adlar və soyadlarla bağlı geniş təhlillər aparılır. Hər bir münasibəti, tendensiyaları, maraqları nəzərə alaraq yaxın zamanlarda normal bir sənəd hazırlanacaq. Millət vəkili ölkədə soyadlarla bağlı müəyyən problemlərin olduğunu da qeyd edib. “Bəzən cəmiyyətimizdə də deyirlər ki, bu məsələni tez bitirmək lazımdır. Amma bu, kifayət qədər mürəkkəb prosesdir. Cəmiyyətin hətta kiçik bir hissəsi bununla razılaşmırsa, burada düşünmək lazımdır. Sabah kimsə desə ki, mən “-ov”, “-yev” soyad sonluqlarını saxlayıram, ona deyə bilmərik ki, saxlama. Çünki bu, şəxsiyyətlə bağlı məsələdir. Elə olmalıdır ki, bu, təkcə qanun kimi yox, yaşam üsulu kimi hər bir azərbaycanlıya aid olsun. Qanun olarsa, bu, ancaq Azərbaycan Respublikasına aid olacaq. Amma dünyada nə qədər azərbaycanlı var. Elə metodlar tapmalıyıq ki, bu, bütünlükdə azərbaycanlı şüuru üçün qəbuledilən olsun”, – komitə sədri bildirib. O, hesab edir ki, soyadlarla bağlı icbari metodlar tətbiq etməkdən daha çox soyad sonluqlarının götürülməsinin sərbəstliyinin genişləndirilməsi lazımdır. Millət vəkilinin fikrincə, Azərbaycan əhalisinin 80 faizi “-ov”, “-yev” soyad sonluqlarını istədiyi üçün saxlamır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO