Azərbaycan və Xorvatiya prezidentləri iş adamları ilə görüş keçiriblər


Martın 11-də Azərbaycan Prezidenti İlham Əliyev və Xorvatiya Prezidenti İvo Yosipoviç iş adamları ilə görüşüblər.
Görüşün aparıcısı bu tədbirdə iştirak edən şirkət rəhbərlərinə və Xorvatiyanın biznes dairələrinin nümayəndələrinə Azərbaycan və onun iqtisadiyyatı barədə geniş məlumat verdi, ölkəmizdə xarici iş adamları üçün əlverişli şəraitin yaradıldığını bildirdi.
Prezident İvo Yosipoviç Azərbaycan dövlətinin başçısının Xorvatiyaya rəsmi səfərinin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini bildirdi. O, qeyd etdi ki, Azərbaycan son illərdə sürətlə inkişaf edir və bu baxımdan ölkəmiz Xorvatiya üçün də böyük maraq doğurur. Ölkələrimiz arasında qarşılıqlı investisiyaların qoyulması ilə bağlı yeni əməkdaşlıq sahələrinin olduğunu deyən Prezident İvo Yosipoviç bu görüşün iş adamları üçün münasibətlərin qurulması baxımından əhəmiyyətini vurğuladı.
Prezident İlham Əliyev Xorvatiyaya budəfəki səfərinin uğurla keçdiyini qeyd etdi. Bildirdi ki, aparılan müzakirələrdə iqtisadi əlaqələrin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb. Azərbaycan dövlətinin başçısı dedi ki, Azərbaycan-Xorvatiya əlaqələri bütün sahələrdə inkişaf edir və iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yaxşı potensial vardır.
Prezident İlham Əliyev iş adamları və ölkələrimizin biznes dairələri arasında səmərəli əlaqələrin qurulması və inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıraraq qeyd etdi ki, Azərbaycan və Xorvatiya nəqliyyat, turizm və digər sahələrdə səmərəli əməkdaşlıq qura bilər.
Azərbaycanda gedən iqtisadi proseslər və formalaşmış biznes mühiti barədə iş adamlarına məlumat verən Prezident İlham Əliyev bildirdi ki, ölkəmizdə xarici iş adamlarının fəaliyyəti üçün əlverişli mühit yaradılmış, xarici sərmayələrin qoyulması üçün hərtərəfli şərait mövcuddur. Respublikamızda bir çox Xorvatiya şirkətlərinin də uğurla fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev ölkələrimiz arasındakı iqtisadi əlaqələrin daha da inkişafında iş adamlarının rolunun artacağına ümidvar olduğunu bildirdi.
Sonra Xorvatiyanın iş adamları və biznes dairələrinin aparıcı nümayəndələri öz şirkətləri və təmsil etdikləri iqtisadi qurumlar barədə Prezident İlham Əliyevə məlumat verdilər, ölkəmizlə əməkdaşlığa böyük maraq göstərdiklərini bildirdilər və Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri ilə bağlı dövlətimizin başçısına suallar verdilər.
Prezident İlham Əliyev iş adamlarının sualları və təkliflərini dinləyərək, bir daha Azərbaycanda xarici sərmayələrin yüksək səviyyədə qorunduğunu dedi və Xorvatiya iş adamlarını Azərbaycanla sıx əməkdaşlığa çağırdı.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO