Azərbaycan və Rusiya QHT-lərinin birgə fəaliyyətinə dair memorandum imzalandı

Bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Rusiya Federasiyasının İctimai Palatası arasında “Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Memorandum”un imzalandı.

Trend-in məlumatına görə, iki qonşu ölkənin vətəndaş cəmiyyəti institutlarının beynəlxalq, eləcə də ictimai, sosial həyatın bir sıra mühüm sahələrinə aid qarşılıqlı əməkdaşlığını nəzərdə tutan sənədi şura sədri Azay Quliyev və İctimai Palata katibinin birinci müavini Mixail Ostrovski imzaladılar.

Memorandum beynəlxalq arenada hər iki ölkənin vətəndaş cəmiyyəti institutlarının ikitərəfli və çoxtərəfli əsaslarla qurulmuş əməkdaşlığının və birgə fəaliyyətinin dərinləşdirilməsini, Azərbaycan, Rusiya və Türkiyənin qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsini, Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsi üçün regionun Azərbaycan və erməni icmaları arasında ictimai dialoq mühitinin yaradılmasını, Azərbaycan-Rusiya sərhədində hər iki ölkə vətəndaşlarının, həmçinin nəqliyyat vasitələrinin giriş-çıxışında yaranan problemlərin aradan qaldırılması üçün ictimai nəzarətin təşkilini, Rusiyada yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan rusiyalıların cəmiyyətə inteqrasiyası ilə bağlı müxtəlif layihə və proqramların reallaşdırılmasını və sair vacib məsələləri özündə əks etdirir.

Memorandum müddəalarında nəzərdə tutulmuş işlərin həyata keçirilməsi Azərbaycan və Rusiya cəmiyyətləri arasında dostluğun və əməkdaşlığın dərinləşdirilməsinə, hər iki ölkənin xalqları arasında qarşılıqlı etimadın artırılmasına və dövlətçilik maraqlarının müdafiəsinə yönəlib. Bu müddəaların müxtəlif fəaliyyət sahələri üzrə ixtisaslaşmış QHT-lərin layihələri formasında həyata keçirilməsi planlaşdırılır. Memorandumu imzalamış hər iki tərəf əməkdaşlığın təşkilati-texniki təminatına məsul şəxslər təyin edəcək, həmçinin müvafiq QHT qruplarının formalaşdırılmasına başlayacaqlar. Müştərək layihələrin maliyyələşdirilməsi qarşılıqlı razılıq prinsipilə həyata keçiriləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO