Azərbaycan və Polşa arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Polşa xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Azərbaycan nümayəndə heyətinə nazir müavini Xələf Xələfov, Polşa nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin müavini xanım Katarjına Pelçınska-Nalenç başçılıq edib.
Görüşdə nazir müavini Xələf Xələfov əməkdaşlığın inkişaf dinamikasının mövcud potensiala cavab vermədiyini bildirib.
Nazir müavini Xələf Xələfov Azərbaycanın Polşa ilə enerji, kənd təsərrüfatı, turizm, sənaye və bir sıra digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb və bunun üçün iradənin və bütün lazımi şəraitin olduğunu vurğulayıb. Həmçinin, Azərbaycan rəsmisi ölkəmizin Avropa İttifaqı üçün mühüm partnyor olduğunu bildirmiş və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı müstəsna rol haqda danışıb.
Regionda davamlı inkişafın təmin edilməsi üçün Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasının vacibliyini vurğulayan Xələf Xələfov, Ermənistanın münaqişənin həlli istiqamətində konkret addımların atılması üçün lazımi iradəni göstərmədiyini vurğulayıb. Bu baxımdan, Avropa dövlətləri tərəfindən Ermənistana təzyiqlərin artırılmasının, işğal edilmiş torpaqların azad olunması üçün konkret addımların atılmasının vacibliyi qeyd edilib.
Polşalı nazir müavini Katarjına Pelçınska-Nalenç son illərdə həyata keçirilmiş qarşılıqlı səfərləri qeyd edib. Azərbaycanın surətlə inkişaf etdiyini söyləyən polşalı rəsmi, ölkəmizlə bir çox sahələrdə, xüsusilə enerji, iqtisadi, təhsil və digər sahələrdə əməkdaşlığın dərinləşməsində maraqlı olduqlarını bildirib. O Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini və münaqişənin danışıqlar yolu ilə həll olunmasının tərəfdarı olduqlarını vurğulayıb.
Həmçinin, görüşdə qarşılıqlı maraq kəsb edən digər beynəlxalq və ikitərəfli məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO