Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin üzərinə ağır məsuliyyət düşəcək

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycan və Ermənistanın bu qurumdakı nümayəndə heyətlərinin görüşünün təşkili üçün danışıqları davam etdirir. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın bazar ertəsi öz işinə başlayan plenar sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında qurumun sədri Jan-Klod Minyon Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında keçirlən görüşə və onların nəticələrinə münasibət bildirərkən deyib.

“Mən bu məsələyə Büronun bu gün səhər keçirilən iclasında münasibət bildirdim. Həm azərbaycanlı, həm də erməni dostlarımızın diqqətinə çatdırdım ki, onlar yaxın zamanlarda üzərilərinə ağır məsuliyyət götürəcəklər. Bilirsiniz ki, hər iki ölkə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edəcəklər”, – Minyon bildirib.

Onun sözlərinə görə, Avstriyadan sonra NK-ya sədrlik Azərbaycana keçəcək.

“Hər iki ölkə 1949-cu ildə yaradılmış bir təşkilatın Nazirlər Komitəsinə sədrlik etməklə, ciddi və ağır məsuliyyət daşıyacaqlar. Bu təşkilat 1949-cu ildə yaradıldı ki, Avropa qitəsində münaqişələr baş verməsin. Açıq müharibə vəziyyətində olan AŞ-nin iki üzv dövlətinin NK-ya sədrlik etməsi kifayət qədər paradoksal bir haldir. Bu, qəbuledilməzdir? Bu bir şansdırmı? Və ya bu AŞ üçün bir maneədirmi? Düşünürəm ki, biz ağıllı şəkildə davranaraq hər iki ölkənin NK-ya sədrliyini idarə edə bilsək, bu bir şans ola bilər. Amma o şərtlə ki, hər iki üzv ölkə bu fürsətdən, şansdan istifadə etsinlər. O şərtlə ki, onlar dialoq aparmağı qəbul etsinlər”, – AŞ PA sədri qeyd edib.

Minyon bildirib ki, o, hər iki nümayəndə heyəti ilə dialoqu davam etdirəcək.

“Mən hər iki ölkənin nümayəndə heyətləri ilə müzakirələri davam etdirəcəyəm. Bunu bu həftə də edəcəyəm. Əlbəttə, arzu edirəm ki, müzakirələrdə irəli getmək üçün tez bir zamanda hər iki nümayəndə heyətini tam tərkibdə bir araya gətirim. Bundan əlavə, şadam ki, bu yanaşma mənim bir çox həmkarlarım tərəfindən izlənilir”, – o deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO