Azərbaycan səfiri Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb

Azərbaycanın Belçika Krallığındakı səfiri, eyni zamanda Avropa İttifaqı (Aİ) yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov Avropa Komissiyasının vitse-prezidenti və rəqəmsal gündəlik üzrə Avropa komissarı xanım Neli Krus (Neelie Kroes) ilə görüş keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı səfir beynəlxalq arenada TASİM layihəsinin inkişafının əhəmiyyəti, ölkəmizdə 2013-cü ilin “İKT ili” elan edilməsindən irəli gələn müxtəlif tədbirlərin həyata keçiriləcəyi, Dövlət Neft Fondunda cəmləşmiş maliyyə ehtiyatları hesabına dövlət tərəfindən ilkin olaraq 140 milyon AZN məbləğinin internet infrastrukturunun təkmilləşdirilməsi və internet imkanlarının ölkəmizin hər bir bölgəsinə çatdırılması (“Fiber to Home” layihəsi) və bu rəqəmin yaxın 4-5 ildə daha da artırılacağı barədə məlumat verib. Səfir Azərbaycanda ASAN xidmətinin fəaliyyətə başladığını qeyd edərək, onun tətbiq etdiyi müasir texnologiyalar və idarəetmə üsulları əsasında əhaliyə şəffaf və səmərəli şəkildə birbaşa müxtəlif xidmətlərin göstərilməsi istiqamətində atılan addımların vacibliyini də Neli Krusun diqqətinə çatdırıb.

Səfir, eyni zamanda, ölkəmizdə internet azadlığı mövzusuna toxunaraq, Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayının durmadan artdığını və misal olaraq, “Facebook” istifadəçilərinin sayının 1 milyondan çox olduğunu bildirib. Səfir cəmiyyətimizdə hər bir şəxsin internetdən sərbəst istifadə hüququ olduğunu və hökumət tərəfindən internetdən istifadəyə heç bir məhdudiyyət və nəzarət mexanizmlərinin tətbiq edilmədiyini vurğulayıb. O bildirib ki, öz iqtisadi inkişaf templəri ilə yanaşı, Azərbaycan İKT sahəsini daha da inkişaf etdirmək niyyətindədir. Qeyd edildi ki, bu kimi proseslərdə Aİ təcrübəsinin öyrənilməsi ikitərəfli əməkdaşlıq dialoqunun gücləndirilməsinə xidmət edə bilər.

Xanım N.Krus ölkəmizlə dost münasibətlərinin və səmimi tərəfdaşlığının formalaşmasında maraqlı olduğunu, internet azadlığı sahəsində Aİ ilə daimi dialoqun aparılmasının vacibliyini qeyd edib. Azərbaycanda bu istiqamətdə görülən işlər barədə məlumatlı olduğunu bildirən N.Krus, Azərbaycanın müasir idarəetmə üsullarının tətbiqi sahəsində müəyyən islahatların davam etdiyini, ümumiyyətlə, insan haqlarının qorunması ilə birbaşa bağlılığı olan İKT sahəsinin getdikcə Azərbaycanda daha da inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.

Krus xüsusilə qeyd edib ki, o, həm Avropa Komissiyasının vitse-prezidenti, həm də Avropa komissarı olaraq, Azərbaycanın hərtərəfli inkişafına inanır və birgə əməkdaşlıq səylərini artırmaq üçün hökumətimizlə bütün səviyyələrdə ikitərəfli dialoq üçün faydalı olacaq maraqlı əməkdaşlıq təkliflərini nəzərdən keçirməyə hazırdır.

Görüş zamanı Səfir İKT sahəsində fəal olan QHT-lər və özəl sektor dairələrinin iştirakı ilə cari il ərzində Aİ – Azərbaycan İnternet/İKT Forumunun təşkil olunmasını, eləcə də internet idarəçiliyi mövzusunda Aİ ilə müxtəlif əməkdaşlıq aspektlərinin müzakirə edilməsi imkanlarının araşdırılmasını təklif edib.

Görüş səmimiyyət və tərəfdaşlıq ruhunda keçirilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO