Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu olmuşdur

Oktyabrın 29-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu keçirilmişdir. Ali Məhkəmənin sədri plenum iclasını açaraq, respublikamızda uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin Uşaq ili elan olunması ölkəmizdə uşaqlara qayğının artırılması üçün geniş imkanlar açmışdır.

Oktyabrın 22-24-də Azərbaycanda Uşaq ilinə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş uşaqların müdafiəsi islahatı üzrə milli konfransın keçirilməsi respublikamızda uşaqların hüquqlarının müdafiəsinə çox böyük əhəmiyyət verilməsinin göstəricisidir. Azərbaycanda uşaq və gənclərə diqqət və qayğı dövlət siyasətinin prioritet sahələrindəndir.

Plenumda “Övladlığa götürmə və ya övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” məsələ geniş müzakirə olunmuşdur. Bildirilmişdir ki, son illər uşaq hüquqları insan hüquqlarının tərkib hissəsi kimi daim diqqət mərkəzində olmuş, uşaqların hüquqlarının təmini üçün səmərəli vasitələr yaradılmışdır. Ailə, mülki, inzibati, cinayət qanunvericiliyinin uşaq hüquqlarının təmin olunmasını nəzərdə tutan normaları inkişaf etdirilmişdir. Azərbaycan “Uşaq hüquqları haqqında”, “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Konvensiyalara qoşulmuşdur.

Çıxış edənlər vurğulamışlar ki, ailədə yaşamaq və tərbiyə olunmaq uşağın mühüm hüquqlarından olmaqla, imkan dairəsində uşağın ailədə yaşaması və tərbiyəsinin təminatlarını nəzərdə tutur. Uşaq ailədə fiziki və mənəvi inkişafa nail olur, dayaq və anlaşma tapmaqla cəmiyyətin tam hüquqlu üzvü olmağa hazırlanır. Plenum konkret cinayət və mülki işlərə də baxmış, müzakirə olunan məsələlər və baxılan işlər barədə müvafiq qərarlar qəbul etmişdir.

Plenumun işində Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, səhiyyə naziri Oqtay Şirəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, təhsil nazirinin müavini Elmar Qasımov iştirak etmişlər.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO