Azərbaycan Prezidenti və xanımı Bakıda keçirilən Novruz şənliyində iştirak ediblər

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliklərində iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər. Meydana toplaşmış şəhər sakinləri, paytaxtın qonaqları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.

Milli geyimli uşaqlar Azərbaycan Prezidentinə bayram xonçası təqdim etdilər. Uşaqlar Prezident İlham Əliyevi və Mehriban xanım Əliyevanı Novruz bayramı münasibətilə təbrik etdilər.

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar. Dədə Qorqud xeyir-dua verərək, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.

Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı. Sonra dövlətimizin başçısı və xanımı Dənizkənarı Milli Parka gəldilər.

Azərbaycan Prezidenti İlham Əliyev bayram şənliyində nitq söylədi. Daha sonra dövlətimizin başçısı və xanımı bayram konsertinə baxdılar.

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva burada nümayiş etdirilən Azərbaycan xalçalarının nümunələri ilə tanış oldular.

Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar.
Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.

Azərbaycan Qol Güləşi Federasiyasının üzvlərinin çıxışları diqqətlə izlənildi. Prezident İlham Əliyev Federasiyanın xatirə kitabına ürək sözlərini yazdı.

Azərbaycan Prezidenti və xanımı manqalda bişirilən kababın dadına baxdılar. Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu mərasimdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilirdi. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva bayram şirniyyatları ilə çay içdilər.

Milli Parkda təşkil edilən “Şərq bazarı” bayram şənliyinə xüsusi çalar qatırdı. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılandı. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər.

Dövlətimizin başçısı və xanımı zorxana güləşçiləri ilə xatirə şəkli çəkdirdilər.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Leyla Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izlədilər, qədim el sənətlərinin nümunələrinə baxdılar.

Dövlətimizin başçısı və xanımı bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış oldular. Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri də şənlik iştirakçılarında maraq doğurdu.

Azərbaycan Prezidenti onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirdi.

Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO