Azərbaycan prezidenti sərəncam imzalayıb

Sərəncamın preambula hissəsində bildirilir ki, Azərbaycan prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli sərəncamı ilə həmin Dövlət Proqramına edilmiş əlavələr uğurla icra olunur. Ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınıb, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülüb, 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir. Eyni zamanda məcburi köçkünlərin böyük əksəriyyəti hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır və ciddi sosial problemlərlə üzləşirlər.

Dövlət başçısı Konstitusiyanın 109-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlərin davam etdirilməsi məqsədi ilə 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamla təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Əlavələri təsdiqləyib.

Sərəncamda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Dövlət Neft Fonduna bu sərəncamda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı tələb olunan vəsaitin növbəti illərin dövlət büdcəsində və Dövlət Neft Fondunun büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görülməsi tapşırılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO