Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin şimal-qərb bölgəsinə səfəri

Prezident İlham Əliyev aprelin 12-də kənd təsərrüfatı məhsulları emal edən “Azərsun-Holdinq” MMC-nin Qazax konserv zavodunun açılışında iştirak etmişdir.

Məlumat verildi ki, illik məhsul istehsal gücü 21,5 min ton olan zavodun ümumi dəyəri 14 milyon manatdır. Layihənin həyata keçirilməsi üçün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 6,8 milyon manat güzəştli kredit verilmişdir. Zavod meyvə-tərəvəzin dondurulması, çoxçeşidli kartof məhsullarının istehsalı sexləri, soyuducu anbar və digər yardımçı binalardan ibarətdir. Ümumi sahəsi 4,7 hektar olan müəssisədə bütün infrastruktur, mühəndis qurğuları ən müasir səviyyədə qurulmuşdur. Zavodun fəaliyyətə başlaması respublikamızda meyvə-tərəvəz istehsalının artmasına, daxili bazarın yüksək keyfiyyətli məhsullarla təmin olunmasına şərait yaradacaqdır.

“Azərsun-Holdinq”in idarə heyətinin sədri Abdulbari Gozel bildirdi ki, İtaliya, Hollandiya və Türkiyə texnologiyaları əsasında inşa olunan zavodun tikintisinə ötən ilin yanvarında başlanılmış, bu ilin aprelində sona çatdırılmışdır. Müəssisədə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin iştirakı ilə 1996-2011-ci illərdə “Azərsun-Holdinq”ə məxsus müəssisələrin açılışlarını əks etdirən fotoguşə yaradılmışdır.

Dövlətimizin başçısı müəssisədə meyvələrin dondurulması sahəsi, avadanlığın yerləşməsi və kartof çipsi istehsalı layihələri ilə tanış oldu.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO