Azərbaycan politoloqları beynəlxalq təşkilatları ittiham edir

Bakıda Ermənistanda keçirilən prezident seçkiləri, seçkilərin regiondakı vəziyyətə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri barədə müzakirələr aparılıb.
Trend-in məlumatına görə, müzakirələrdə iştirak edən politoloq Fikrət Sadıqov Ermənistanda keçirilən prezident seçkilərində demokratiyanın heç bir izi olmadığını deyib.
O bildirib ki, Ermənistanın siyasi həyatında çox ziddiyətli bir vəziyyət yaranıb. “Bir tərəfdən beynəlxalq təşkilatlar hesab edir ki, seçkilərdə saxtakarlıq bir o qədər baş vermədi. Ancaq seçkiləri Ermənistan siyasətçilərinin, jurnalistlərinin gözü ilə qiymətləndirmək daha dəqiq olardı. Siyasətçilər, jurnalistlər və ictimaiyyətin digər nümayəndələri seçkilərlə bağlı çox sərt bəyanatlar verdilər, digər tərəfdən Ermənistanda ciddi etirazlar var və onlar seçkinin nəticələri ilə razılaşmır”, – politoloq deyib.
O qeyd edib ki, Ermənistanda prezident seçkilərində rüşvət verən də olub, seçki qutularına boş bülletenlər də atılıb, başqa saxtakarlıqlar da baş verib. “Burada, həmçinin beynəlxalq təşkilatların qeyri-obyektiv mövqeyi ilə rastlaşırıq. Serj Sarkisyanın yenidən hakimiyyətə gəlməsi çox asan başa gəldi, çünki onun bütün rəqibləri seçkilərə qədər aradan götürülmüşdü. Seçkilərdə 4-cü, 5-ci dərəcəli namizədlər iştirak edirdi. Onların arasında güclü rəqib yox idi və burada Sarkisyan administrativ, güc imkanlarından istifadə etməklə yenidən prezident seçildi”, – Sadıqov deyib.
Politoloq qeyd edib ki, Sarkisyandan Dağlıq Qarabağ məsələsində də heç bir irəliləyiş gözləmək olmaz: “Sarkisyan bir sıra böyük dövlətlərin, o cümlədən Rusiyanın dəstəyini aldı və bu baxımdan belə düşünmək olar ki, bir sıra böyük dövlətlər onun mövqeyini dəstəkləyir. Buna görə də Sarkisyan özündə əminlik hiss edərək heç bir konstruktiv addım atmayacaq”.
Politoloq Rasim Ağayev isə ümumilikdə Ermənistandakı prezident seçkilərinin əvvəlki seçkilərdən heç nə ilə fərqlənmədiyini deyib. O qeyd edib ki, Ermənistanda vəziyyət doğrudan da xoşagəlməzdir.
“Ola bilsin ki, bu, Ermənistanda hansısa gözlənilməz hadisələrin baş verməsinə səbəb olsun. Sarkisyanın yenidən prezident seçilməsi təəccüblü deyildi, çünki onun lazımi qədər hakimiyyət resursları var idi. Sarkisyan kifayət qədər varlanıb və elə onun ətrafında da varlı adamlar toplaşıb, onların da imkanları genişlənib. Eyni zamanda, o, Rusiyanın etimadını qazanıb”, – Ağayev deyib.
Onun fikrincə, ümumiyyətlə, Ermənistanda kim hakimiyyətə gəlirsə-gəlsin, Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur.
Politoloq Elxan Şahinoğlu isə deyib ki, seçkiqabağı ciddi rəqabət gözlənilsə də, seçkilərə çox qısa müddət qalanda güclü rəqiblərin heç biri seçkilərə qatılmadı. “Belə bir ehtimal var idi ki, Koçaryan da yenidən qayıda bilər, ancaq sonda belə olmadı. Çünki Sarkisyan Rusiyanın bütün şərtlərini yerinə yetirdi. Koçaryan bunu başa düşərək geri çəkildi və əsas namizədlər qatılmadığından Sarkisyan 3-cü, 4-cü dərəcəli namizədlərlə mübarizə apardı”, – politoloq deyib.
O qeyd edib ki, seçkilərdə saxtakarlıqlar olduqca çox idi, demək olar ki, bu seçki deyildi, seçkilərin parodiyası idi.
Politoloqun fikrincə, Sarkisyandan müsbət heç nə gözləmək olmaz. “O, növbəti 5 ilə də öz mövqeyini gücləndirdi. Sarkisyanın prezident seçilməsi nə Dağlıq Qarabağ məsələsində, nə də digər məsələlərdə yaxşı nəsə vəd etmir. Ermənistanda şəxsiyyətlərin dəyişməsinin heç bir nəticəsi yoxdur, vəziyyət dəyişməlidir”, – politoloq vurğulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO