Azərbaycan ombudsmanı qadın, azyaşlı və xəstə məhkumlar barəsində amnistiya tətbiq olunmasını istəyir

Ombudsman amnistiya tətbiq olunacaq məhkumların sayının dəqiq müəyyən edilmədiyini bildirib və qeyd edib ki, o bu amnistiya aktı ilə əsasən azyaşlı, qadın və xəstə məhkumların bağışlanılmasının tərəfdarıdır.

İnsan Hüquqları üzrə müvəkkil Süleymanova bir neçə gün öncə amnistiya elan olunması ilə bağlı Milli Məclisə müraciət edib.

Müraciətdə bu ilin bir sıra əlamətdar milli və beynəlxalq əhəmiyyətli tarixi hadisələrin ildönümləri ilə zəngin olduğu, bunların sırasında dövlət müstəqilliyimizin 20 illiyi, Azərbaycanın Avropa Şurasına üzv qəbul olumasının 10 illiyi, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun 10 illiyi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına və İşgəncələrə qarşı mübarizə üzrə Avropa Konvensiyasına ölkəmizin qoşulmasının 10 illiyinin xüsusi yer tutduğu diqqətə çatdırılıb.

Ombudsman qeyd edib ki, məhkumların böyük hissəsi etdikləri cinayətlərdən səmimi peşimançılıq hissi keçirir. Onun sözlərinə görə, bu şəxslərin cəmiyyətə, ailələrinə sağlam qayıtması olduqca vacibdir.

Süleymanova bildirib ki, onun müraciəti millət vəkilləri tərəfindən müsbət qarşılanıb və Parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

İndiyədək Azərbaycanda 9 amnistiya aktı qəbul olunub və 48 əfv fərmanı imzalanıb, on minlərlə insan ailəsinə və cəmiyyətə qovuşub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO