Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmağın 9-cu mərhələsindədir. Trend-in məlumatına görə, bunu cümə axşamı Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında Dövlət Gömrük Komitəsinin (DGK) Maliyyə-taarif və valyuta nəzarəti Baş İdarəsinin rəisi, general-mayor Mirqasım Vahabov bildirib.
Onun sözlərinə görə, bu mərhələdə, əsasən, üzv ölkələrlə qarşılıqlı öhdəliklər məsələsi müzakirə edilir və bu istiqamətdə intensiv danışıqlar gedir. Bu mərhələ bitdikdən sonra növbəti 10-cu mərhələdə isə üzv ölkələrlə, əsasən, prosedur qaydalar müzakirə olunacaq.
ÜTT-yə üzvlük prosedur qaydası ümumilikdə 13 mərhələdən ibarətdir.
Vahabov bildirib ki, Azərbaycan ÜTT-yə üzv olmaqla əlaqədar 50-yə yaxın ölkə ilə ikitərəfli danışıq aparıb və bu danışıqların yekunu olaraq müvafiq sənədlər qəbul edilib. “Düzdür, Azərbaycan üçün bu təşkilata üzv olmaq vacibdir və lazımdır da. Bu təşkilata üzv olmaqla ölkədə ticarət dövriyyəsinin həcmi artacaq, amma bunun ölkə iqtisadiyyatı üçün müəyyən mənfi təsirləri də ola bilər”, – Vahabov deyib.
İdarə rəisi bildirib ki, bu gün Azərbaycana idxal edilən məhsullara qoyulan ən maksimal gömrük vergi faizi 15%-dir. “Baxmayaraq ki, ÜTT-yə üzv olmaqla bağlı ilkin danışıqlar aparılan zaman bu miqdar 50-60% arasında təkilf edilmişdi. Danışıqlar nəticəsində bu faiz dərəcələri endirildi”, – deyən Vahabov əlavə edib ki, bu gün elə ölkələr var ki, özünün istehsal etdiyi məhsulları Azərbaycana sıfır faizlə idxal etmək istəyir və bu da bizim iqtisadiyyatımıza və kənd təsərrüfatının inkişafına ciddi mane olan məsələdir. Bu gün Azərbaycanın qeyri-neft sektoru, xüsusən də kənd təsərrüfatı inkişaf etsə də, heç də tamamilə rəqabətqabiliyyətli məhsul istehsal etmək qabiliyyətinə malik deyil. Ona görə də biz daxili bazar və milli maraqlarımız naminə bu danışıqlar mərhələsində ehtiyatlı olmalıyıq.